Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı ilə birgə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayaraq, 2 oktyabr 2026-cı ildə keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan danışıb. O, qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni mərhələdə baş tutduğunu vurğulayıb. Rektor gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, həmçinin ATMU-da gənclərin milli dövlətçilik ideyalarına sadiq, müasir biliklərə yiyələnmiş və cəmiyyət qarşısında məsuliyyətini dərk edən vətəndaşlar kimi formalaşmasının universitetin əsas prioritetlərindən biri olduğunu bildirib.

Sonra tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının əməkdaşı Sərtac Atlas Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə qarşı fiziki və ideoloji risklərlə bağlı səsləndirdiyi fikirlərə toxunub. O, ideoloji risklərin sərhəd tanımadığını, belə təhdidlərdən qorunmağın əsas yollarından birinin təhsil olduğunu, oxumağın, öyrənməyin və bilik əsasında hadisələri təhlil etməyin vacibliyini diqqətə çatdırıb. Sərtac Atlas, həmçinin gənclərin informasiya mühitində qarşılaşdıqları çağırışları düzgün qiymətləndirmələrinin, tənqidi düşüncə və analitik yanaşma bacarıqlarını inkişaf etdirmələrinin əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon ərazi partiya təşkilatının sədri, dekan müavini Emin Quliyev isə ATMU-nun Azərbaycan Prezidentinin bu sahədə müəyyən etdiyi strateji xəttə daim sadiq olduğunu bildirib. O, gənclərin bilikli, məsuliyyətli və fəal vətəndaşlar kimi yetişməsi istiqamətində universitetin səylərini davam etdirəcəyini vurğulayıb.

ATMU-nun kafedra müdiri, dosent Hafiz Hüseynov isə milli-mənəvi dəyərlərin qorunmasının, gənclərin dövlətçilik ruhunda yetişdirilməsinin və ölkənin gələcək inkişafında fəal iştirakının əhəmiyyətini diqqətə çatdırıb.

Sonda qeyd olunub ki, YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin icrası milli həmrəyliyin qorunmasını, qanunlara hörməti və dövlətçilik ənənələrinin yaşadılmasını hər bir vətəndaş qarşısında mühüm vəzifə kimi müəyyən edir