Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Xətai prospekti, 49” ünvanı üzrə ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında qarşıya qoyduğu vəzifələrə həsr olunmuş görüş keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin şöbə müdiri, ərazi partiya təşkilatının sədri Rauf Orucov partiyanın VIII Qurultayının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və müasir dövrün tələblərinə uyğun yeni hədəflərin qarşıya qoyulması baxımından əhəmiyyətini vurğulayıb.

Rauf Orucov partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının, ideoloji işin gücləndirilməsinin və dövlətçilik prinsiplərinin geniş təbliğinin vacibliyini qeyd edib.

Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Prezident İlham Əliyevin qurultaydakı nitqinin Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və partiyanın qarşısında duran vəzifələrin dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Elçin Quliyev ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunub saxlanılmasında, milli maraqların müdafiəsində və cəmiyyətin dövlətçilik ideyaları ətrafında birləşdirilməsində partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən bəhs edib. O, həmçinin ərazi partiya təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılmasının, üzvlərlə işin sistemli şəkildə qurulmasının və ictimaiyyətlə əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Digər çıxış edənlər partiyanın VIII Qurultayında irəli sürülən təşəbbüslərin həyata keçirilməsində partiya üzvlərinin rolundan danışıblar. Çıxışlarda maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə bağlılığının və vətənpərvərlik ruhunun gücləndirilməsi, informasiya təhlükəsizliyinin qorunması, eləcə də dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılmasının əhəmiyyəti vurğulanıb.