Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “Cavadxan küçəsi, 13” ünvanında yerləşən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, müşavirədə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Elnarə Ənsari, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnfrastruktur Mərkəzinin direktor müavini, “Sahib Zeynalov küçəsi, 44” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Anar Quliyev, YAP Nəsimi rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqin siyasi və ideoloji əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, qurultayda irəli sürülən müddəalar ölkənin gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət siyasətinin əsas istiqamətlərinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biri vətəndaşların rifahının yüksəldilməsi, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi və hər kəs üçün bərabər imkanların yaradılmasıdır. Xüsusilə həssas əhali qruplarına aid şəxslərin cəmiyyətə fəal inteqrasiyası, onların sosial müdafiəsinin gücləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin davamlı şəkildə artırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Müşavirədə Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında 30 ildən artıq müddətdə tutduğu mövqeyə də nəzər salınıb. Vurğulanıb ki, YAP ictimai-siyasi sabitliyin qorunmasında, ölkənin hərtərəfli inkişafında və milli həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayır, müxtəlif nəsilləri və sosial təbəqələri ümummilli məqsədlər ətrafında birləşdirir.

Çıxışlarda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətinin əhəmiyyətinə toxunularaq qeyd edilib ki, mərkəzdə yaradılan imkanlar həssas əhali qruplarına aid şəxslərin yaradıcılıq potensialının üzə çıxarılmasına, sosial fəallığının artırılmasına və cəmiyyətə inteqrasiyasına xidmət edir.

Bildirilib ki, mərkəzdə fəaliyyət göstərən şəxslər milli-mənəvi dəyərlərin qorunmasına, mədəni irsin təbliğinə və vətənpərvərlik ruhunun gücləndirilməsinə öz töhfələrini verirlər. Eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqətin, milli həmrəyliyin və ideoloji təhlükəsizliyin qorunmasının vacibliyi vurğulanıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin ölkəmizin inkişafı və gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Müşavirənin sonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində irəli sürülən strateji hədəflərin həyata keçirilməsində hər bir vətəndaşın fəal iştirakının və sosial məsuliyyətinin əhəmiyyəti qeyd olunub. Həmçinin qurultaydan irəli gələn vəzifələrin dərindən təhlil edilməsi, onların sistemli şəkildə həyata keçirilməsi və bu istiqamətdə ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.