Azərbaycanda hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Hazırkı qanunvericilikdə müvafiq qurumun hərbi qulluqçuları tərəfindən törədilmiş hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə, səlahiyyətli şəxs hərbi prokurora yazılı məlumat verməklə kifayətlənir.
Təklif olunan qanun layihəsi isə müvafiq qərarların (qərardadların), protokolların surətlərinin hərbi prokurora göndərilməsini təsbit etməklə bərabər, prokurorun həmin sənədlər üzrə müvafiq hərəkətlər etmək və qərar qəbul etmək səlahiyyətlərini də nəzərdə tutur.
Yuxarıda adı çəkilən inzibati xətalar üzrə prokurorun qərar qəbul etmək səlahiyyəti müəyyənləşdiyindən, həmin işlərə baxılmasında prokurorun iştirakını təmin edən İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə müvafiq müddəanın əlavə edilməsi təklif edilir.
Qanun layihəsi, həmçinin hərbi qulluqçuların xidməti vəzifələrinin xüsusiyyətini nəzərə alaraq, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə dərhal və ya 48 saat müddətində deyil, 15 gün müddətində baxılmasını təklif edir.
Anar Kəlbiyev

































.png)














