Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yunanıstana səfəri çərçivəsində Salonikidə yaşayan soydaşlarımızla görüşüb.

"Unikal" xəbər verir ki, komitə sədri ilə Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov əvvəlcə buradakı Azərbaycan Evinin fəaliyyəti ilə tanış olub, 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilən sərgiyə baxıblar.

Azərbaycan Evində keçirilən görüşdə görülən işlər, icmalaşma prosesi və diaspor üzvləri arasındakı kommunikasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

Salonikidə və ətraf ərazilərdə yaşayan soydaşlarımızla daha geniş tərkibdə baş tutan icma görüşündə isə dövlət başçısının xalqımızın tarixi qələbəsi ilə bağlı çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub. Azərbaycan diasporunun inkişafı, milli birliyin gücləndirilməsi və milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində görülən işlər müzakirə olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

“Qala” Yunanıstan – Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Saloniki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədov evin fəaliyyəti barədə məlumat verib, icmanın təşəbbüslərinə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq edib. 

Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov icma görüşünü, həmçinin Saloniki şəhərində və ətraf ərazilərdə yaşayan soydaşlarımızın Azərbaycanla Yunanıstan arasında həmrəyliyin möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirib. Səfir, həmçinin xaricdə yaşayan azərbaycanlılara dövlət qayğısını diqqətə çatdırıb.

Soydaşlarımızı səmimi salamlayan komitə sədri çıxışında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xaricdə yaşayan azərbaycanlılara göstərdiyi qayğıya diqqət çəkib, bu qayğının diasporumuzun daha da güclənməsinə, milli həmrəyliyin möhkəmlənməsinə geniş imkanlar yaratmasından  danışıb, eyni zamanda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətinə diqqət çəkib. 

Saloniki və ətraf ərazilərdə məskunlaşan soydaşlarımıza komitənin 70 ölkədəki icmalarımızla sistemli şəkildə işləməsi, diasporun yol xəritəsinin hər bir ölkə üçün müəyyən olunmuş spesifik cəhətləri barədə müfəssəl məlumat verilib. 

İcma toplantısı qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Soydaşlarımızın sualları cavablandırılıb, icma fəaliyyətinin daha səmərəli təşkili, yeni təşəbbüslərin reallaşdırılması və diaspor əlaqələrinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Görüşdə soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin nümayəndələri, buradakı gürcü və rus icmasının üzvləri iştirak edib. Tədbirdə iştirak edən yunanlar və  Yunanıstanda yaşayan azərbaycanlılar icma görüşünün səmərəliliyini yüksək qiymətləndirib, Salonikidəki Azərbaycan icmasının iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirdiyini bildiriblər.

Rəşid Məmmədova uğurlu diaspor fəaliyyətinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsi təqdim olunub.

Qeyd edək ki, bu gün dünyanın 21 ölkəsində 32 Azərbaycan evi var. 2017-ci ildən fəaliyyət göstərən Salonikidəki Azərbaycan Evi də onlardan biridir. Diasporla İş üzrə Dövlət Komitəsi bütün evləri lazım olan vəsaitlərlə təmin edir.