Keçmiş kəşfiyyat zabiti Kaşif Kozinoğlunun Silivri həbsxanasında ölümü ilə bağlı istintaq davam edir. Bunun fonunda "Kurtlar Vadisi" serialı yenidən diqqət  çəkib. Belə ki, serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində ifadə veriblər. Ötən gün isə “Kurtlar vadisi” serialının ssenaristlərindən biri olan keçmiş polis əməkdaşı Bayram Özbek həbs edilib.

"Unikal" xəbər verir ki, istintaq çərçivəsində ekran işində rol almış bəzi aktyorlar hüquq-mühafizə orqanları tərəfindən dindirilir. 

Serialda "Abidin" obrazını canlandıran Abidin Yerebakan bəzi diqqətəlayiq açıqlamalar verib. Yerebakan, "Kurtlar Vadisi"nin aktyor heyətinə 7-ci bölümdə qoşulduğunu və ilk 97 bölümdə rol aldığını bildirib və serialın ona böyük məşhurluq gətirdiyini əlavə edib. Yerebakan o dövrün ssenarist qrupunun olduqca uğurlu olduğunu bildirib və bu gün baş verən inkişaflardan təəccübləndiyini də əlavə edib.

Aktyor Kaşif Kozinoğlunun adı çəkilən zaman artıq serialda olmadığını xüsusi olaraq qeyd edib:

"Biz serialda nəyisə müşahidə edər və üç gün sonra onu real həyatda yaşayardıq. Bunu dəfələrlə yaşamışıq". 

Yerebakan həmin dövrdə baş verən hadisələrin arxasında nəyin dayandığını özlərinin bilmədiklərini bildirsə də, ssenari müəllifi qrupunun proqnozlarının güclü olduğunu əlavə edib.

Qeyd edək ki, keçmiş zabit və MİT əməkdaşı olan Kaşif Kozinoğlu Bosniya və Herseqovina və Əfqanıstanda uzunmüddətli xidmət keçib. Əfqanıstandan Türkiyəyə qayıtdıqdan sonra 2011-ci ildə həbs edilən Kozinoğlu həmin il noyabrın 12-də Silivri həbsxanasında idmandan sonra ürək tutmasından dünyasını dəyişib. Ailəsi Kozinoğlunun idmanla məşğul olduğunu və ölümünün şübhəli olduğunu bildirərək hadisənin araşdırılmasını tələb edib. Lakin açılan istintaq bir il sonra bağlanıb.

Sonradan ortaya çıxan iddialara görə, Kozinoğlu ürək tutması zamanı kömək istəyib. Həbsxana əməkdaşı Ferhat Veysi Gülün isə onun səslərinin eşidilməməsi üçün radionun səsini yüksəltdiyi bildirilir.

Daha sonra Gülün FETÖ üzvü olduğu və 15 iyul hadisələrindən sonra xaricə qaçdığı iddia edilib.

Bu iddialar və əvvəlki istintaq materiallarının yenidən gündəmə gəlməsi ilə iş üzrə araşdırma təkrar başladılıb.

İstintaq çərçivəsində Kozinoğlunun zəhərlənmiş ola biləcəyi ehtimalı da araşdırılır.

Onu da əlavə edək ki, “Kurtlar Vadisi Pusu” serialında Kaşif Kozinoğludan ilhamlandığı iddia edilən “Kazım Kaşifoğlu” obrazı yer alıb. Maraqlıdır ki, serialın 136-cı bölümündə Kaşifoğlunun öldürülməsi ilə bağlı səhnələr yayımlanıb. Bölümün efirə getməsindən cəmi bir neçə gün sonra isə real həyatda Kaşif Kozinoğlunun Silivri həbsxanasında vəfat etməsi diqqət çəkib. Bu təsadüf həmin dövrdə mediada geniş müzakirələrə səbəb olub.

Gülayə Mecid