Yanvarın 20-də səhər saatlarında 20 Yanvar - Ümümxalq Hüzn Günü ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyətin nümayəndələri öncə Lənkərandan olan Milli Qəhrəmanların abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət ediblər, abidə önünə və şəhid məzarlarına tər güllər düzüblər, şəhidlərimizi ehtiramla yad ediblər.

"Unikal" xəbər verir ki, daha sonra rayon rəhbərliyi və yerli qurumların rəsmi nümayəndələri, idarə və müəssisələrin təmsilçiləri Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilən “20 Yanvar - Azadlığa gedən yol” adlı kompozisiyaya tamaşa ediblər.

Qeyd edək ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar rayon ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib, mədəniyyət, təhsil, səhiyyə və digər qurumlarda silsilə tədbirlər, kitab və rəsm sərgiləri keçirilib. Şəhidlər Abidə Kompleksi gün ərzində ictimaiyyət nümayəndələri tərəfindən  ziyarət edilib. 

Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.