Obyektlər səkiləri zəbt edib, sakinlər avtomobillərini park edə bilmirlər...

"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, paytaxtın Tbilisi prospekti 1058 ünvanında yerləşən yaşayış binasının sakinləri parklanma yerlərinin zəbt olunduğunu deyirlər.

Onların sözlərinə görə, binanın alt mərtəbəsində fəaliyyət göstərən obyektlər ərazidə onsuz da məhdud olan parklanma imkanlarını daha da çətinləşdirib.

Sakinlər əksər vaxtlarda yolun onlar üçün nəzərdə tutulmuş hissəsinin də zəbt olunduğunu iddia edirlər.

Avtosalonda satıcı kimi çalışan şəxs iddiaları təkzib edərək qeyri-qanuni fəaliyyətlə məşğul olmadıqlarını söylədi.

Hüquqşünas Şamil Paşayev isə bildirdi ki, ictimai iaşə obyektlərinin binanın avtomobil parkını tam şəkildə tutmağa əsası yoxdur.

O, əlavə edib ki, razılaşma əldə olunmazsa, sakinlər məhkəməyə müraciət edə bilərlər.