39 yaşlı Günel Cəfərova boğazgərmə əməliyyatı olunmaq üçün Tik-tok-dan tapdığı "Plastik.estetika"səhifəsinə müraciət edib. Əməliyyatı özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimlinin icra etdiyini öyrənib. Ötən ilin iyununda 9 mkr. Mir Cəlal küçəsində yerləşən "Beauty Derm Estetik"də cərrahi əməliyyat olunub.
"Unikal" Xəzər TV-yə istinadən xəbər verir ki, Günel Cəfərova iddia edir ki, 7 aydır boynunda şiddətli ağrılar var, əməliyyatın izi kiçilmir, nitqində də problem yaranıb. Şiddətli ağrıların səngimədiyini gördükdə həkimə dəfələrlə zəng edib. Amma, tədbir görülməyib.
O, deyir ki, üzündə və boğazında yaranmış problemin aradan qaldırlması üçün yenidən əməliyyat olunmalıdır. Lakin onun pulu qaytarılmır ki, yeni əməliyyata versin.
İddialara aydınlıq gətirmək üçün "Beauty Derm Estetik" mərkəzinə yollandıq. Bildirildi ki, Esmira İbrahimli işdə deyil.
Esmira İbrahimli ilə də əlaqə saxladıq. O, suallara cavab verməkdən imtina etdi və lazımi orqanlara açıqlama veriləcəyini deyərək dəstəyi asdı.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib. "BEAUTY DERM" Estetik Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur. Şikayətçi adıçəkilən müəssisədə yoxlamanın aparılmasını istəyirsə, konkret faktlara əsaslanan məlumatlarla - xidmətə görə ödəniş qəbzi, tibbi xidmətə dair qeydiyyat sənədləri və s. ilə birlikdə Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət etməlidir.
