Xəbər verdiyimiz kimi, Yevlaxın mərhum icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov adam güllələyib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qoyunbinəsi kəndində baş verib.

Cinayətə torpaq sahəsi üstündə baş verən mübahisə səbəb olub. Belə ki, qonşusunun mal-qarasının Z.Səmədovun ərazisinə keçməsi onu qəzəbləndirib.

Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 11:40 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. 

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir”.

Murad İbrahimli

***

15:26

Yevlaxda silahlı insident baş verib.

"Unikal" Apa-ya istinadən xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir.

Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2023-cü ildə vəfat etmişdi.