İran Baş Qərargahı ABŞ və İsraili etirazlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarını və mülki şəxsləri öldürmək üçün İrana İŞİD terrorçularını göndərməkdə ittiham edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərargah bəyanat yayıb. 

"ABŞ və İsrail 12 günlük (İran və İsrail arasında 2025-ci ilin iyunun 13-də baş verən müharibə, - red.) müqəddəs müdafiə müharibəsindəki məğlubiyyətlərini kompensasiya etmək üçün böyük millətimizə qarşı İŞİD terrorçularını hücuma keçirdi və vəhşi heyvanlardan da betər olan bu muzdlular mülki şəxsləri və təhlükəsizlik işçilərini öldürdülər”, - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, dekabrın sonlarında İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar baş verib.Etirazlar ölkənin 25 əyalətində 60-dan çox şəhərə yayılıb. Ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə, Məlikşahi, Kirmanşah və Lordeqan şəhərlərində qeydə alınıb.