7 yanvar 2026-cı il tarixində Qazax rayonunun Xanlıqlar kəndi ərazisində “SOCAR PETROLEUM” QSC-yə məxsus 7 saylı neft bazası sahəsində partlayışla qeydə alınan yanğın hadisəsi baş verib.
“SOCAR Petrolrum" QSC-dən "Unikal"a verilən məlumata görə, partlayış yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib.
Yanğın hadisəsi ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hadisə yerinə çevik olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb.
Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan İbrahimov Şamil Zabit oğlu həyatını itirib.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
****15:30
07.01.2026-cı il tarixində saat 13:30 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 1 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 1994-cü il təvvəlüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
*** 14:28
Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş yanğın nəticəsində ölən şəxsin kimliyi məlum olub.
"Unikal"ın xəbərinə görə, ölən şəxsin Neft Baza Sahəsində süzücü-tökücü vəzifəsində işləyən Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimov olduğu bildirilir. Məlumata görə, o, yanaraq ölüb.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma gedir.
*** 13:35
Qazaxda partlayış olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində baş verib. Kənd ərazisində olan Qazax Neft Bazasında yerləşən yük avtomobilinin çəni partlayıb. Hadisə yerinə hazırda FHN əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Unikal" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Tural Əhmədov
