Rusiyanın "Norilskiy Nikel" futzal komandasının braziliyalı üzvü Aleks Felipe 32 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
"Norilskiy Nikel" bu gün Rusiya Kubokunun yarımfinal mərhələsində səfərdə "Uxta" ilə ilk oyunu keçirib. 2:2 hesabı ilə başa çatan həmin görüşdə Aleks Felipe də iştirak edib.
Klubun yaydığı açıqlamada bildirilir ki, futzalçı matçdan sonra hava limanında olarkən qəfil halı pisləşib və həyatını itirib.
Komanda rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Aleks Felipe 2020-ci ildən "Norilskiy Nikel"in heyətində çıxış edirdi. O, klubla birlikdə 2023/2024 mövsümündə Rusiya Kubokunun qalibi, 2024/2025 mövsümündə finalçısı, həmçinin ölkə çempionatının gümüş (2022/2023) və bürünc (2020/2021, 2021/2022) mükafatçısı olub.
Bundan əvvəl Felipe bir sıra Braziliya klublarında və Portuqaliyanın "Sportinq" komandasında çıxış edib. O, "Sportinq"in heyətində 2018/2019 mövsümündə Çempionlar Liqasının qalibi olub.
