Nəsimi Rayon İcra Hakimiyyətində tam orta ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, müşavirədə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Budaqov, rayon Prokuroru Həsən Hənifəyev, rayon Polis İdarəsinin rəisi Vüqar Ağayev, Dövlət Təhlükəsizlik Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi Pərvin Əsədov, rayon Mühafizə İdarəsinin rəisi Nazim Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi Ceyhun Əliyev, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Budaqov bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində tarixin çətin və taleyüklü sınaqlarından çıxaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycan dövləti günü-gündən daha da güclənərək iqtisadi qüdrəti, dinamik inkişafı ilə seçilən dövlətlər sırasındadır.

Natiq vurğuladı ki, ölkəmizdə müasir təhsil sisteminin formalaşması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji təhsil siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir qlobal çağırışlar fonunda uğurla davam etdirilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsil sahəsində inqilabi dəyişikliklərin şahidi oluruq. Prezidentin "Biz qara qızılı insan kapitalına çevirməliyik" strategiyası çərçivəsində ölkə daxilində yüzlərlə müasir tipli məktəb binası və peşə təhsili mərkəzləri inşa edilmişdir.

Xüsusi vurğulandı ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında təhsil sahəsində mövcud olan problemlərin həlli istiqamətində bir sıra uğurlara nail olunmuşdur.

Nəsimi rayonu Bakı şəhərinin mərkəzi və ən sıx məskunlaşmış rayonlarından biri olmaqla yanaşı, eyni zamanda geniş və güclü təhsil şəbəkəsinə malik rayonlardan biridir. Rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində on minlərlə şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə minlərlə müəllim və pedaqoji heyət məşğul olur.

Natiq çıxışına davam edərək qeyd etdi ki, rayon məktəblərində uşaqların təhlükəsiz mühitdə təhsil alması, məktəb – valideyn əlaqələrinin daha da gücləndirilməsi, məktəblilər ilə aparılan psixoloji işin səviyyəsinin artırılması, məktəbdaxili etik davranış qaydaları daim nəzarətdə saxlanılmalıdır.

Bildirilmişdir ki, tam orta ümumitəhsil müəssisələrinin əsas hədəfi təkcə yüksək bilikli kadrlar hazırlamaq deyil, həm də dövlətinə və millətinə sadiq, milli-mənəvi dəyərlərə sahib, sarsılmaz vətənpərvərlik ruhuna malik gənclər yetişdirməkdir. Bu istiqamətdə məktəblərin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanmış, gənclərin rayonun ictimai, mədəni və sosial layihələrində daha fəal təmsil olunmasının əhəmiyyəti qeyd olunmuşdir.

Nəsimi rayon prokuroru Həsən Hənifəyev çıxış edərək, cəmiyyətdə qanunçuluğun qorunması və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs etdi. O, gənclərin hüquqi şüurunun inkişaf etdirilməsinin cinayətkarlığın qarşısının alınmasında həlledici rol oynadığını bildirərək yeniyetmələrin radikal meyillərdən və zərərli vərdişlərdən uzaq tutulması üçün dövlət qurumlarının birgə fəaliyyətinin önəmini diqqətə çatdırdı. Bildirdi ki, bu sahədə profilaktik tədbirlərin gücləndirilməsi, məktəb – ailə - hüquq -mühafizə üçbucağının sıx koordinasiyası zəruridir.

Nəsimi Rayon Polis İdarəsinin rəisi Vüqar Ağayev çıxışında məktəblərdə təhlükəsizlik qaydalarının təmin olunması və yeniyetmələr arasında narkomanlığa qarşı mübarizə ilə bağlı maarifləndirici tədbirlərin daha da gücləndirilməsinin vacibliyini xüsusi vurğuladı. O, həmçinin azyaşlıların erkən nikaha daxil olmasının fəsadlarından bəhs edərək gənclərin hüquqazidd əməllərdən qorunması üçün maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyini qeyd etdi.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi rayon idarəsinin rəisi Pərvin Əsədov, rayon Mühafizə İdarəsinin rəisi Nazim Həsənov və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi Ceyhun Əliyev ölkədəki mövcud sabitliyin qorunması, strateji obyektlərin mühafizəsinin təşkili və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunaraq ordu sıralarına hazırlanması istiqamətində görülən işlərdən ətraflı bəhs etdilər.

Daha sonra Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Gülarə Verdiyeva və Rayon İcra Hakimiyyəti Başçısının müavini - ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zahid Xəlilov çıxış edərək, Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaların təhsil müəssisələri ilə daim sıx əlaqə qurduğunu, qarşıya çıxan problemlərin həlli istiqamətində  zəruri addımların atılacağını bildirdilər.

Rayonda fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin direktorları çıxış edərək, təhsil ocaqlarında yaradılan müasir şəraitə və göstərilən yüksək diqqətə görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, gənc nəslin təlim-tərbiyəsi istiqamətində üzərlərinə düşən məsuliyyəti gələcəkdə də layiqincə yerinə yetirəcəklərini vurğuladılar.

Sonda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qarşıda duran hədəfləri bir daha diqqətə çatdıraraq səmərəli fikir mübadiləsinə görə müşavirə iştirakçılarına təşəkkürünü bildirdi və gələcəkdə birgə fəaliyyətin rayonun təhsil mühitinə müsbət töhfələr verəcəyini vurğulayaraq müşavirəni yekunlaşdırdı.