Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşəbbüsü və Macarıstan Respublikasının Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “I Yaşıl İqtisadiyyat (I GreenEco)” Beynəlxalq Forumu keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev forumda iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Forumdan əvvəl tələbələrin əl işlərindən ibarət sərgiyə və universitet əməkdaşlarının hazırladığı stendlərə baxış keçirilib.
Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq forumda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib.
Forumun rəsmi hissəsindən sonra “Elm və təhsildə yaşıl konsepsiyalar”, “Yaşıl kənd təsərrüfatı: təhsil, sənaye və beynəlxalq tərəfdaşlıq” mövzularında panel müzakirələr keçirilib. AzTU rektoru Vilayət Vəliyev panel müzakirələrdə çıxış edib. Forumun əhəmiyyətindən danışan rektor yaşıl iqtisadiyyata keçid istiqamətində ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb.
