"Bu məsələnin kökündə ümumilikdə tərbiyə sisteminin pozulması dayanır. Bu gün valideynlər qarşılarına əsas hədəf və məqsəd kimi yalnız uşaqlara təhsil verməyi qoyublar. Hamı çalışır ki, ancaq uşağı savadlı, bilikli olsun. Amma tərbiyə məsələsi geridə qalıb".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov son günlər məktəblərdə şagirdlər arasında insident hallarının artmasından danışarkən deyib.

O bildirib ki, valideynlərin bir hissəsinin övladına tərbiyə vermək üçün yetərli tərbiyəsi yoxdur:

"Bəzilərinin zamanı yoxdur. Bəziləri isə zamanları olsa da, vaxt ayırmaq istəmirlər. Deyə bilərik ki, indiki gənclərin, uşaqların çoxu taleyin ümidinə buraxılıb. Gənclərlə söhbət etdikdə, müzakirə apardıqda, onların özləri də bu fikirləri bildirəcəklər ki, özlərini tək hiss edirlər. Əlavə olaraq süni intellekt, sosial media onlara təsir göstərir. Bu gün uşaqlar tərbiyəni sosial mediadan alırlar, dostu süni intellektdə axtarırlar. Demək olar ki, məktəblə valideynlər arasında ünsiyyət qopub. Tərbiyə işi elədir ki, məktəblə valideyn və ailələr arasında ciddi əməkdaşlıq olmalıdır. Bu iş birliyi, əməkdaşlıq arzuolunan səviyyədə deyil. Valideynlər övladlarını çox ərköyün böyüdürlər. Onların bütün istəklərini yerinə yetirməyə çalışırlar. Onların yerinə bütün işləri özləri görmək istəyirlər. Nəticə etibarı ilə bu gün elə uşaqlar yetişir ki, onlar çox ərköyündürlər, sosial medianın təsiri altındadırlar, qayğını görmürlər, valideynlərindən yetərli enerjini almırlar. Ona görə bu problemləri görürük. İndidən bu barədə ciddi düşünməli, təhlil aparmalıyıq".

Deputat qeyd edib ki, qarşıda bizi çox çətin günlər gözləyir: "Yəni, indidən dediyimiz məsələləri həll etməsək, bunun üzərinə düşməsək, getdikcə bu cür hadisələrin, insidentlərin sayı daha çox artacaq. Dediyimiz faktlar həm də uşaqların psixologiyasının pozulmasına aparıb çıxarır. Onların radikallaşmasına, müxtəlif yanlış təsirlərin altına düşməsinə aparır. Eyni zamanda, bu gün uşaqlar çox yüklənib, əksəriyyəti depresiyadadır. Günün birinci hissəsi məktəbdə, ikinci hissəsi isə müəllim yanına gedirlər. İstirahət edə bilmirlər. Bəzən valideynlər övladlarına ciddi təzyiq göstərirlər. Bütün bunlar qeyd etdiyimiz prosesə özünün təsirini göstərir".

Anar Kəlbiyev