"Bacımın qəhrəmanlığı ilə sona qədər fəxr edəcəyik. Biz onun fədakar olduğunu uşaqlıqdan bilirdik. Hökumə Əliyeva dünyaya sübut etdi ki, Avropa Azərbaycan xanımlarından qəhrəmanlıq öyrənə bilər".
"Unikal" xəbər verir ki, bunu bu gün II Fəxri xiyabanda Milli Qəhrəman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli deyib. O bildirib ki, bu 200 ildən bir baş verən hadisədir:
"Bacım həmişə qəhrəman olacağını deyirdi. Müasir dövrdə hamı Avropadan geyim, mədəniyyət öyrənir. Avropa da bizdən qəhrəmanlıq öyrənə bilər. Hökumə uşaqlıqdan, tələbəlik sən səbrli insan idi. Təyyarə qəzasından da o cür səbr nümayiş etdirdi, insanları təşvişə düşməməyə səslədi və qəhrəmanlıqla həlak oldu".
Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev hadisəni törədənlərin tezliklə məsuliyyətə cəlb olunmasını istəyib:
"Aidiyyəti qurumlardan xahiş edirəm, hadisəni törədənlər tezliklə məsuliyyətə cəlb edilsin və layiqli cəzalarını alsınlar".
“Qismət elə gətirdi ki, cənab Prezident İlham Əliyev özü ailəmizə Kəlbəcərdə evin açarlarını təqdim etdi. Hazırda özüm Samuxda yaşayıram, oğlum isə ailəsi ilə birlikdə Kəlbəcərdə həmin evdə. Oğlum Kəlbəcərdə DOST mərkəzində çalışır” - deyə C.Əliyev bildirib.
Milli Qəhrəman Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev qeyd edib ki, onlarla təkcə Azərbaycan xalqı deyil, bütün dünya azərbaycanlıları fəxr edir".
Onun sözlərinə görə, Milli Qəhrəmanın ailəsi inanır ki, qəzaya səbəb olan cinayətkarlar ifşa olunacaq və məsuliyyətə cəlb olunacaqlar.
Milli Qəhrəman İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina deyib ki, axşamlar evdə birgə çay süfrəsi arxasında oturardılar və atası uçuşlarından danışardı:
"Bu, bizim ailənin adəti idi. Uçuş olmazdan bir gün əvvəl o Qroznıya uçacağını bilirdi və buna görə də havaya baxıb dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq. Çünki o, Yeni İli bizimlə qeyd etmək istəyirdi. Bu, onun ən sevimli bayramı idi. Ancaq o, gəlmədi".
Müxbir: Anar Kəlbiyev
Fotolar: Turqut Sultan
