Goranboy şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən çökmə hadisəsi ilə bağlı dərhal tədbirlər görülüb. Hadisə nəticəsində binada yaşayan 60 ailə vaxtında təhlükəsiz əraziyə təxliyə edilib.

Bu barədə “Unikal”a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev məlumat verib. Onun sözlərinə görə, binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsinin çökməsi nəticəsində 3 nəfər xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Hazırda onların vəziyyəti həkim nəzarəti altındadır.

M. Quliyev bildirib ki, hadisə baş verən andan etibarən İcra Hakimiyyətinin əməkdaşları, FHN-nin müvafiq strukturları və hüquq-mühafizə orqanları əraziyə cəlb olunub. Ailələrin təhlükəsizliyi təmin olunub, binada əlavə risklərin qarşısını almaq üçün bütün zəruri addımlar atılıb.

İcra başçısı vurğulayıb ki, hadisənin dəqiq səbəbləri xüsusi qurumlar tərəfindən aparılan araşdırmaların nəticəsində müəyyən olunacaq. O, qeyd edib ki, sakinlərin təhlükəsizliyi və sosial təminatı ilə bağlı bütün məsələlər nəzarətdədir.

XXX

09:38

Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində döşəmənin çökməsi hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Goranboy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov bildirib ki, baş verən insidentdən sonra zəruri təhlükəsizlik tədbirləri görülüb, bina sakinləri təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov