Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Tech Talk” proqramı çərçivəsində “One Idea, One Step, One Change” adlı panel müzakirəsi təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirin əsas məqsədi universitet tələbələri, startap həvəskarları və gənc innovatorlar arasında texnoloji düşüncənin, startap mədəniyyətinin və innovasiya yönümlü fəaliyyətin təşviq olunması, həmçinin özəl və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi olub.
Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Universitetin Elm şöbəsinin müdiri Elçin Nəsirov tədbirin işinə uğurlar arzu edib. Daha sonra Layihə ilə bağlı İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev ətraflı məlumat verib.
Panel müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin layihələr üzrə koordinatoru Nigar Xıdırova, Ege Universitetinin professoru Murad Boyacı, AgT startapının təsisçisi, mentor Əfqan Mehdixanov iştirak ediblər. Qonaqlar öz çıxışlarında startapların inkişafında dövlət dəstəyi mexanizmləri, maliyyə institutlarının innovativ layihələrə rolu, eləcə də universitet mühitində innovasiya mədəniyyətinin formalaşması istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikirlərini bölüşüblər.
Panel çərçivəsində gənc iştirakçılar startap fəaliyyəti, maliyyə resurslarına çıxış imkanları və biznes ideyalarının reallaşdırılması ilə bağlı praktik məsləhətlər və təcrübə paylaşımları əldə ediblər. Müzakirələr zamanı “bir ideya, bir addım, bir dəyişiklik” fəlsəfəsinin innovasiya prosesindəki əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirin sonunda iştirakçılar panel çıxışçılarla interaktiv dialoq formasında fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıqlar və təşəbbüslər barədə təkliflər irəli sürüblər.
“Tech Talk” proqramı ADAU İnnovasiyalar Mərkəzi tərəfindən universitet gəncləri arasında innovativ yanaşmanı və praktik bilik mübadiləsini gücləndirmək məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mövzularda seminarlar, müzakirələr və təcrübə paylaşımları davam etdiriləcək.
