"Mərkəzi Asiya regionu ilə əlaqələrin inkişaf dinamikası həm siyasi münasibətlər kontekstində, həm də geosiyasi, iqtisadi və mədəni müstəvilərdə yeni inteqrasiya modelinin formalaşdığını göstərir. Dövlətimizin başçısının Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə bu əməkdaşlığın strateji çərçivəsini aydın şəkildə nümayiş etdirir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentarinin sözlərinə görə, müsahibədə vurğulanan əsas məqam ondan ibarətdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri tarixən bağlı olan ortaq mədəni, mənəvi və etnik irsin daşıyıcılarıdır.

"Bu birliyi ilk baxışda coğrafi sərhədlər ayırır kimi görünsə də, Xəzər dənizi gerçək mənada birləşdirici funksiyanı yerinə yetirir. Xəzər bu gün sadəcə su hövzəsi deyil, region xalqlarının strateji yaxınlığını, iqtisadi imkanlarını və tarixi əməkdaşlıq ənənəsini bir araya gətirən məkandır. Dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə üçüncü dəfə iştirak etməsi əməkdaşlıq xəttinin ardıcıl xarakterini təsdiqləyir. 2023-cü ildə Düşənbə, 2024-cü ildə Astana və növbəti dəfə Daşkənddə keçirilən toplantılar regionun geosiyasi koordinasiyasını gücləndirən başlıca platformaya çevrilib.  

Xüsusi qeyd olunmalıdır ki, iki ölkə lideri arasında formalaşmış şəxsi etimad münasibətlərin indiki yüksək səviyyəsinin əsas amillərindən biridir. Son illər ərzində qarşılıqlı olaraq çoxsaylı səfərlərin baş tutması tərəfdaşlığın dinamikasını aydın göstərir. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digərləri iki ölkə arasında hüquqi çərçivəni daha da gücləndirib. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləməsi, azad edilmiş Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası isə qardaşlığın rəmzi ifadəsi kimi minnətdarlıqla qeyd olunur.

İki ölkə arasında təsis edilmiş Ali Dövlətlərarası Şura münasibətlərin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirən yüksək mexanizm kimi çıxış edir. Daşkənd və Bakı iclasları iki ölkənin qarşılıqlı fəaliyyətini daha sistemli və planlaşdırılmış əsasda həyata keçirməyə imkan verib. Bu Şura gələcək əməkdaşlıq istiqamətlərini dəqiqləşdirən çərçivə kimi xüsusilə vacib rol oynayır.

Müttəfiqliyin əsas dayaqlarından biri şaxələndirilmiş logistika və tranzit imkanlarının inkişafıdır. Hər iki ölkə Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunun əsas aktorlarıdır və bu marşrut üzrə artan yüklərin daşınması regionun geostrateji çəkisini artırır. Ötən il tranzit daşımaların 18 faiz artaraq 1,3 milyon tonu keçməsi iqtisadi əməkdaşlığın real nəticəsidir. 

Enerji sektoru münasibətlərin digər prioritet istiqamətidir, SOCAR-ın Özbəkistana neft və neft-kimya məhsullarının ixracı, “Neftegaztexnologiya” birgə müəssisəsinin uzun illərdir uğurla fəaliyyəti əməkdaşlığın praktiki tərəfini formalaşdırır. Ötən il Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyasına yönəlmiş sənədlərin imzalanması isə yaşıl enerji sahəsində regional sinerjinin əsasını qoyur. Bu amil təkcə bərpaolunan enerjinin inkişafına deyil, həm də Orta Dəhlizin enerji ölçüsündə yeni imkanlarının açılmasına xidmət edir.

Müsahibədə son illərdə iki qardaş ölkənin əldə etdiyi dinamika, həyata keçirilən geniş islahatlar və ölkənin beynəlxalq nüfuzunun artması yüksək dəyərləndirilir. Bütün bu nailiyyətlər qardaş ölkə liderinin düşünülmüş və ardıcıl siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilir.

Dövlətimizin başçısının UzA agentliyinə müsahibəsi həm Mərkəzi Asiya ilə əlaqələrin strateji konturlarını müəyyənləşdirən konseptual sənəd, həm də iki ölkə arasında mövcud əməkdaşlığın təqdimatı kimi xarakteri olunur. Region xalqlarını birləşdirən tarixi köklər, siyasi etimad, tranzit və enerji imkanları, humanitar və mədəni əməkdaşlıq gələcək regional inteqrasiyanın əsas dayaqlarıdır. Azərbaycan və Özbəkistan arasında formalaşmış yüksək səviyyəli müttəfiqlik isə Mərkəzi Asiyada yeni əməkdaşlıq modelinin məhz dostluq, qarşılıqlı dəstək və etimad üzərində qurulduğunu bir daha təsdiqləyir".