Ağdamda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
"Unikal" xəbər verir ki, Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş, Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsindən, 2025-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü və ilk milli Konstitusiyanın qəbulunun 30 illiyinin qeyd olunmasından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasından bəhs etmişlər.
