Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, tarixin mürəkkəb bir dönəmində qazanılan parlaq zəfərdən danışıb. O bildirib ki, Azərbaycan bu gün dünyada baş verən proseslərdə, regionun və dünyanın yeni iqtisadi-siyasi arxitekturasının formalaşmasında fəal iştirak edir.

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev vurğulayıb ki, Azərbaycanın qələbəsi yalnız hərbi uğur deyil, eyni zamanda iqtisadiyyatın inkişafı, səmərəli dövlət idarəçiliyi və cəmiyyətin birliyi nəticəsində əldə olunub.

Tədbirdə Milli Məclisin deputatları YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu və Samir Vəliyev, Nərimanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək bildiriblər ki, Vətən müharibəsində qazanılan Böyük Zəfər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu zəfər sayəsində tarixi ədalət bərpa olunub və torpaqlarımız işğaldan azad edilib.

Tədbir konsert proqramı ilə davam edib.