KXDR lideri Kim Çen In 15-16 noyabr tarixlərində Çin sərhədinə yaxın Samjiyon şəhərinə turizm investisiyalarını yoxlamaq üçün səfər edib. 

"Unikal" xəbər verir ki, sözügedən səfərin görüntüləri Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA tərəfindən bu gün yayımlanıb. 

Görüntülərdə Kim Çen Inın həyat yoldaşı Ri Sol-ju və onu müşayiət edən rəsmilərlə birlikdə xizək kurortunda olduğu əks olunub. Maraqlı anlardan biri isə Kimin 13 yaşlı qızının kurort mərkəzində xizək sürməsi olub. Bu zaman Kim kreslosunda oturub, siqaret çəkərək qızını izləyib. 

Şimali Koreya lideri səfəri zamanı tikinti işlərindən məmnunluğunu ifadə edib və bölgəyə qoyulan turizm investisiyalarını yüksək qiymətləndirib. 

Görüntülərin diqqəti cəlb etməsinin əsas səbəbi Şimali Koreyadakı iqtisadi və humanitar vəziyyətdir. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) tərəfindən dərc edilən məlumatlara görə, təxminən 25,9 milyon əhalisi olan ölkədə 10,7 milyon insan qida çatışmazlığından əziyyət çəkir. Bu, əhalinin 40 faizindən çoxuna bərabərdir.

Ölkədə uşaqların 18%-i xroniki qidalanma çatışmazlığı səbəbindən böyümə geriliyindən əziyyət çəkir.

Kənd təsərrüfatı torpaqlarının məhdud olması, müasir avadanlıq və gübrələrin olmaması, təbii fəlakətlər və beynəlxalq sanksiyalar ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir.

Gülayə Mecid