“Artıq 35 ildən çoxdur ki, Azərbaycan müstəqillik yolu ilə inamla irəliləyərək yeni-yeni nailiyyətlər qazanır. Hazırda müstəqil Azərbaycan bütün dünyada ləyaqətli, milli maraqlarını qətiyyətlə qoruyan, böyük hörmətə malik bir dövlət kimi tanınır. Üçrəngli bayrağımız ən mötəbər beynəlxalq təşkilatlarda, BMT-də əzəmətlə dalğalanır”.
"Unikal" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, xalqımız müstəqillik uğrunda çətin, keşməkeşli və şərəfli yol keçib. 1988-ci il noyabrın 17-də müstəqillik tariximizin önəmli bir səhifəsi yazılıb. 1988-ci ilin noyabrında Şuşanın Topxana meşəsində ağacların kəsilməsi və ərazidə tikinti işlərinin aparılması ilə bağlı yayılan məlumatlar Azərbaycanda böyük narazılıq doğurdu. Qarabağda baş verən hadisələrə, milli maraqlara etinasız münasibətə və yaranmış gərginliyə etiraz edən yüz minlərlə insan Bakının əsas meydanına toplaşdı. Noyabrın 17-də başlayan mitinqlər qısa müddətdə geniş xalq hərəkatına çevrildi. Meydanı dolduran insanların tələbləri yalnız konkret hadisəyə etirazla məhdudlaşmırdı. Burada Azərbaycanın ərazi bütövlüyünün qorunması, milli hüquqların müdafiəsi, xalqın iradəsinə hörmət edilməsi və ölkənin gələcəyinə dair qərarların xalqın maraqları əsasında qəbul olunması kimi məsələlər əsas tələblər sırasında yer alırdı. Meydanda müxtəlif sosial təbəqələrin nümayəndələri bir araya gəlir, öz mövqelərini bildirir, milli həmrəylik və azadlıq ideyalarını ifadə edirdilər. Beləliklə, Həmin gün indiki Azadlıq meydanında keçrilən izdihamlı mitinq müstəqillik uğrunda mübarizənin başlanğıcı olub. Bu mübarizə 1991-ci ildə Azərbaycanın XX yüzillikdə ikinci dəfə müstəqilliyini bəyan etməsi ilə nəticələnib. Hər il ölkəmizdə 17 Noyabr - Milli Dirçəliş Günü böyük təntənə və qürur hissi ilə qeyd olunur.
Millət vəkilinin sözlərinə görə, müstəqillik çox şirin nemət olmaqla yanaşı, onu əldə etməyin və uzun müddət yaşatmağın şərtləri də bir o qədər çətindir. Burada ideoloji və iqtisadi əsaslar mühüm rola malikdir. Bu şərtlər təmin edilmədən hansısa bir xalqın, ölkənin real müstəqilliyindən bəhs etmək mümkün deyil. Bu halda müstəqillik formal səciyyə daşıyır. Bunu ayrı-ayrı ölkələrin təcrübəsi də təsdiqləyir. İqtisadiyyatını inkişaf etdirmək qüdrətində olmayan dövlətlər çox qısa bir müddətdə forposta çevrilir, beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşür və müstəqil siyasi qərarlar qəbul edə bilmirlər. Azərbaycanın müstəqilliyi isə real səciyyə daşıyır. Ölkəmizin müstəqilliyi üçün zəruri olan fundamental əsasları xalqımızın müdrik oğlu, böyük siyasətçi Heydər Əliyev yaradıb. Onun respublikamıza rəhbərliyi iki fərqli ideoloji formasiyaya təsadüf edir. Onlardan biri sərt qadağaların, milli məhdudiyyətlərin hökm sürdüyü keçmiş sovet dönəmi, digəri isə müstəqilliyimizin ilk illəridir. Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi onda idi ki, O, hər iki dönəmdə Azərbaycanın müstəqilliyi naminə böyük işlər görməyi bacarıb.
“1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız öz dövlət müstəqilliyini bərpa etdi. Bu tarixi qərar uzun illər davam edən azadlıq mübarizəsinin, milli həmrəyliyin və dövlətçilik arzularının hüquqi-siyasi ifadəsi idi” – deyən Samir Vəliyev əlavə edib ki, müstəqilliyin bərpası Azərbaycanın qarşısında yeni imkanlarla yanaşı, ciddi sınaqlar da yaratdı. Ölkə mürəkkəb siyasi proseslər, iqtisadi çətinliklər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və daxili sabitliyin pozulması kimi problemlərlə üzləşdi. Belə şəraitdə dövlət müstəqilliyinin qorunub saxlanılması, milli birliyin möhkəmləndirilməsi və güclü dövlət quruculuğunun təmin edilməsi əsas vəzifələrə çevrildi. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkənin gələcək inkişafında mühüm mərhələ oldu. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu dövrdə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi Azərbaycanın strateji məqsədlərindən birinə çevrildi.
“Azərbaycanın müasir tarixində ərazi bütövlüyünün və suverenliyin bərpası xüsusi yer tutur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin bərpa olunması milli tariximizin şanlı səhifələrini təşkil edir. Bu gün Azərbaycan qalib dövlət kimi beynəlxalq müstəvidə yüksək nüfuza sahibdir. Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!” – deyə deputat vurğulayıb.





.jpg)












.jpg)






























