“Müəllimlərin əməkhaqqısı ən çox müzakirə olunan məsələlərdəndir. Sertifikasiya prosesində iştirak edən 104 min nəfərin 60 min nəfəri uğur qazanmış, yəni, 30 balla 50-yə qədər nəticə göstərərək 10 faiz əlavə alıblar. 31 min təxminən nəfər isə 35% əlavə alıb. Ümumilikdə 91 400 müəllimin əməkhaqqına əlavələr edilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

"Vacib bir məqamı qeyd etmək istərdim ki, sertifikasiyada iştirak etməyən və ya cəlb olunmayan şəxslərin orta əməkhaqqısı 770 manat təşkil edirsə, uğur göstərənlərin, yəni 10% əlavə alanların orta əməkhaqqı 1010 manat təşkil edir. Yüksək nəticə göstərən, yəni 51 baldan çox nəticə göstərən şəxslərin isə orta əməkhaqqı 1320 manata çatdırılıb. Bu islahat üçün növbəti ildə 286.4 milyon manat büdcə vəsaiti nəzərdə tutulub. 2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə, müəllimlərimizin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir”, - deyə nazir müavini bildirib.

Anar Kəlbiyev