Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksində, binanın zirzəmisində aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub.

"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, sakinlər iddia edirlər ki, yaşayış ola-ola binaların bünövrəsi qazılır, zirzəmilər obyektə çevrilir.

Sakinlər özülün zədələndiyini və aparılan tikinti işlərinin binanın təhlükəsizliyi üçün risk yaratdığını bildirirlər.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bıldırldi kı, həyata keçirilən monitorinqlər zamanı "Qurtuluş 93" MMC adlanan ərazidə bina 87, 88, 89 və 78 saylı ünvanlarda qeyri-qanuni fəaliyyət aşkar edilıb. Belə ki, müxtəlif şəxslərin binaların zirzəmi hissələrində qanunsuz qazıntı işləri apardığı, bununla da şəhərsalma norma və qaydalarını kobud şəkildə pozduğu aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının apardığı araşdırma zamanı isə qeyd olunan tikinti işlərinə dair müvafiq icazəverici sənədlərin təqdim edilmədiyi müəyyən olunub.

Bununla əlaqədar qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi, habelə aparılan işlərin qanunauyğunluğunun araşdırılması məqsədilə aidiyyəti qrumlara rəsmi müraciət edilib.