Özünü vəkil kimi təqdim edərək iş adamı İrlanə Qasımova və anası Ruhiyyə Qasımovanın etibarından sui-istifadə yolu ilə onun pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən Camal Bağırzadə hakim qarşısına çıxarılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qəbul edilib.
Qərara əsasən, Camal Bağırzadə barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, biznesmen xanımın sözlərinə görə, bir müddət əvvəl mənzil-tikinti kooperativi (MTK) ilə arasında yaranmış ödəniş mübahisəsi zamanı Camal Bağırzadə ilə tanış olub. Özünü vəkil kimi təqdim edən həmin şəxs hüquqi məsələlərin həllində ona kömək edəcəyini, dövlət qurumlarında və məhkəmələrdə maraqlarını təmsil edəcəyini, bunun üçün lazımi hüquqi prosedurları həyata keçirərək vəkil orderi əldə edəcəyini bildirib.
Bundan sonra Camal Bağırzadə müxtəlif dövlət qurumlarına müraciətlər, məhkəmə işləri və digər hüquqi xidmətlər adı altında, həmçinin vəkil orderi alacağını vəd edərək İrlanə Qasımovadan ümumilikdə 13 min manata yaxın pul alıb.
Bununla da kifayətlənməyən həmin şəxs ailə üzvləri arasında yaranmış əmlak mübahisəsi zamanı qarşı tərəflə də münasibət quraraq onlardan təxminən 6 min manat vəsait əldə edib. Beləliklə, ailədən alınan ümumi məbləğ 19 min manata yaxın olub.
Məsələnin ən diqqətçəkən tərəfi isə məhkəmə prosesi zamanı yaşanıb. Camal Bağırzadə məhkəmə iclasında vəkil orderi təqdim edə bilmədiyi üçün hakim tərəfindən məhkəmə zalından çıxarılıb. Bundan sonra İrlanə Qasımova onun məhkəmədə rəsmi qaydada təmsilçilik səlahiyyətinin olmadığını anlayıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, vətəndaşın özünü vəkil kimi təqdim edən şəxs tərəfindən aldadılaraq pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciəti daxil olub.
Müraciət əsasında vətəndaş zərərçəkmiş şəxs qismində dindirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Orxan Rasifoğlu
















































