İrəvanın tarixi ilə bağlı erməni təbliğatının ən böyük problemlərindən biri şəhərin keçmişini müasir siyasi iddialara uyğunlaşdırmaq cəhdidir.

Özlərini qədim və zəngin mədəniyyətə malik xalq kimi dünyaya təqdim edən Ermənistanın siyasi və ideoloji dairələri İrəvanın tarixi-memarlıq irsindən danışarkən bir mühüm həqiqəti görməzdən gəlməyə çalışırlar: bu şəhərin çoxəsrlik tarixində Azərbaycan xanlığının, Azərbaycan türklərinin və müsəlman memarlığının silinməz izləri var.

Həmin izlərin ən möhtəşəm nümunəsi isə heç şübhəsiz, Göy məsciddir. Hüseynəli xan məscidi kimi də tanınan bu abidə təkcə İrəvanın deyil, bütövlükdə Cənubi Qafqazın İslam memarlığı tarixində xüsusi yer tutur. XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilmiş bu məscid, şəhərin müsəlman memarlıq ənənələrinin, ictimai həyatının və mədəni zənginliyinin canlı yadigarıdır.

Bu gün İrəvanın mərkəzində yerləşən Göy məscid erməni təbliğatının qarşısında onların aradan qaldıra bilmədiyi tarixi bir həqiqət kimi dayanır. Onun mövcudluğu İrəvanın keçmişini yalnız erməni tarixi ilə məhdudlaşdırmaq istəyənlərin bütün cəhdlərini sual altına alır.

Göy məscidin inşasına İrəvan xanı Hüseynəli xan Qacarın hakimiyyəti dövründə başlanılıb. Məscidin Hüseynəli xanın adı ilə tanınması onun hansı tarixi siyasi mühitdə və kimin hakimiyyəti dövründə meydana gəldiyini aydın göstərir. 

Məscidin memarlıq xüsusiyyətləri də onun əhəmiyyətini təsdiqləyir. Təxminən 7 min kvadratmetr ərazini əhatə edən kompleks həyəti, ibadət zalları, kitabxanası, hücrələri və minarəsi ilə bütöv bir memarlıq ansamblıdır. İrəvanın rəsmi turizm portalı da Göy məscidi şəhərin ən böyük və diqqətəlayiq məscidi kimi təqdim edir. Deməli, söhbət hansısa kiçik dini tikilidən deyil, vaxtilə İrəvanın memarlıq mənzərəsində mühüm yer tutmuş möhtəşəm abidədən gedir. 

Maraqlıdır ki, erməni tərəfinin öz rəsmi turizm resurslarında da məscidin Hüseynəli xan tərəfindən inşa etdirildiyi göstərilir. Lakin abidənin təqdimatında "fars məscidi" ifadəsinə üstünlük verilir. Burada incə, amma mühüm bir məqam var: memarlıq üslubunun və dövrün mədəni-siyasi mühitinin İran-Fars ənənələri ilə əlaqəsi məscidin banisinin, İrəvan xanlığının və həmin şəhərdəki Azərbaycan müsəlman icmasının tarixi rolunu arxa plana keçirmək üçün əsas ola bilməz.

Göy məscidin 1990-cı illərdə İranın maliyyə və texniki dəstəyi ilə bərpa edilməsi də onun sonrakı təqdimatına təsirsiz ötüşməyib. İranın iştirakı ilə aparılan bərpa işləri abidənin qorunması baxımından əhəmiyyətli olsa da, bu, onun yaranma tarixini və ilkin tarixi mənsubiyyətini dəyişdirmir. Bərpa edən tərəflə abidəni yaradan tarixi siyasi qüvvəni eyniləşdirmək olmaz.

İranın iştirakı ilə yeni ad: təsadüf, yoxsa, simvolik mesaj?

Göy məscidlə bağlı müzakirələri yenidən gündəmə gətirən son hadisə isə 10 noyabr 2026-cı ildə baş verib. İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi İrəvana səfəri zamanı məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi mərasimində iştirak edib və yeni lövhənin açılışını edib.

İranın Ermənistandakı səfirliyinin açıqlamasına görə, təşəbbüs Çarentsin ədəbi irsinə, İran mədəniyyətinə marağına və məscidin qorunmasına verdiyi töhfəyə ehtiram məqsədi daşıyır. Həmçinin mərasim zalında şairin büstünün qoyulması planlaşdırılır. Rəsmi açıqlamada Göy məscid İran və Ermənistanın ortaq tarixi-mədəni irsinin nümunəsi kimi təqdim edilir.

İran rəsmisinin iştirakı ilə Azərbaycanın tarixi-mədəni irsi hesab etdiyi Göy məsciddə belə bir mərasimin keçirilməsi, abidənin İran-Ermənistan mədəni əlaqələrinin rəmzi kimi təqdim olunması ciddi suallar doğurur. Çünki məscidin tarixi yalnız onun sonrakı bərpa işləri və müasir dövrdə istifadə forması ilə müəyyənləşmir. Onun kim tərəfindən, hansı dövrdə və hansı tarixi şəraitdə inşa edildiyi də nəzərə alınmalıdır.

Tarixi həqiqəti lövhə ilə dəyişmək mümkün deyil

Əslində, Göy məscid ətrafında baş verənlər daha geniş bir problemin tərkib hissəsidir. Söhbət İrəvanın tarixi-mədəni irsinin təqdimatında Azərbaycan izlərinin arxa plana keçirilməsindən, bəzi hallarda isə bu izlərin başqa xalqların adına çıxılmasından gedir.

Ermənistanın siyasi dairələri yaxşı anlayırlar ki, Göy məscidin tarixi İrəvanın yalnız erməni şəhəri kimi təqdim edilməsini çətinləşdirən mühüm faktlardan biridir. Buna görə də abidənin "fars məscidi" kimi tanıdılmasına üstünlük verilməsi təsadüfi yanaşma təsiri bağışlamır. İranın isə bu təqdimatın əsas iştirakçılarından birinə çevrilməsi ayrıca diqqət tələb edir.

Burada İranın özünə də sual ünvanlamaq lazımdır: Əgər Tehran Azərbaycanla münasibətlərdə mehriban qonşuluqdan, ortaq dini dəyərlərdən və tarixi bağlılıqdan danışırsa, nə üçün Azərbaycan xalqının tarixi-mədəni irsi ilə bağlı belə həssas məsələlərdə fərqli mövqe nümayiş etdirir? Azərbaycan torpaqlarında, Azərbaycan xanı tərəfindən inşa etdirilmiş tarixi məscidin mənsubiyyətinin mübahisəli təqdimatına dəstək vermək hansı mehriban qonşuluq prinsipinə sığır?

Göy məscidin mərasim zalına Yeğişe Çarentsin adının verilməsi də bu kontekstdə qiymətləndirilməlidir. Şairin adının bir zala verilməsi məscidin tarixini dəyişmir. Sabah orada onun büstü də qoyula bilər, divarlarına erməni ədəbiyyatının nümunələri də yerləşdirilə bilər. Ancaq bunların heç biri XVIII əsrdə Hüseynəli xanın hakimiyyəti dövründə inşa edilmiş abidənin tarixini yenidən yazmaq gücündə deyil.

Ermənilərin Göy məsciddə ağ yalanı da məhz buradan başlayır: tarixi faktlarla üzləşmək əvəzinə, onların üzərinə yeni adlar, yeni lövhələr və yeni siyasi izahlar əlavə etmək...

İrəvanın keçmişini dəyişmək istəyənlər bir həqiqəti unutmamalıdırlar: tarix siyasi sifarişlə yaranmır. Abidələrin daşları da, kitabələri də, səyyahların qeydləri də öz dövrünün şahidləridir. Onları susdurmaq, yaxud başqa ad altında təqdim etmək mümkündür, amma həqiqəti aradan qaldırmaq mümkün deyil.

Göy məscid İrəvanın tarixidir. Hüseynəli xanın yadigarıdır. Onun divarlarına vurulan yeni lövhələr isə bu tarixi dəyişməyəcək.

Ağarza Elçinoğlu