""Startap" şəhadətnaməsi almış sahibkarların sayı 340-ı keçib, 2027-ci ildən onlar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilədək uzadılır. Bundan əlavə, 2027-ci ildən etibarən dövlət payı 51%-dən az olan texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketi tətbiq olunacaq: mənfəət, əmlak və torpaq vergisindən azadolma və sosial siğorta güzəşti, işçilərin əmək haqqına isə sıfır faizli gəlir vergisi".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin 3 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, iri sahibkarlara bu güzəşt müəyyən ixrac şərti ilə tətbiq ediləcək: "Vençur fondları və kraudfandinq üçün hüquqi çərçivə yaradılıb. Bu, sahibkarlara ideyalarını yalnız bank krediti ilə deyil, investor kapitalı ilə də maliyyələşdirməyə imkan verəcək. Azərbaycan Biznesinin İnkişafı Fondunun xətti ilə bu ilin 10 ayı ərzində 110-dan çox gənc sahibkara 6 mln. manatdan çox kredit ayrılıb. Bu kreditlər hesabına sənaye məhsullarının istehsalı, kənd təsərrüfatı, xidmət, turizm kimi sahələrdə layihələr icra edilib".

Anar Kəlbiyev