Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu“Times Higher Education” nəşrinin THE Campus platformasında dərc edilib.

"Unikal" xəbər verir ki, noyabrın 9-da yayımlanan “Universitet əməkdaşlarının praktikada istifadə edəcəyi sosial media qaydaları necə hazırlanmalıdır?” sərlövhəli məqalədə universitetlər üçün sosialmedia qaydalarının hazırlanmasında nəzərə alınmalı əsasprinsiplər və praktik yanaşmalar təhlil olunur.

Müəllif sosial media siyasətinin yalnız qadağalar və ümumi davranış qaydalarından ibarət olmamalı olduğunu, universitet əməkdaşlarının gündəlik fəaliyyətlərində qarşılaşdıqları konkret situasiyalara uyğun qərarvermə mexanizmlərini də əhatə etməsinin vacibliyini vurğulayır. 

Məqalədə akademik heyətin şəxsi və institusional kommunikasiya sərhədləri, sosial mediada həssas məsələlərə münasibət, jurnalist sorğularının cavablandırılması, yanlış məlumatların yayılması və kommunikasiya risklərinin idarəolunması kimi məsələlərə toxunulur. Eyni zamanda, mübahisəli və ya qeyri-müəyyən hallarda əməkdaşların hansı addımları atmalı olduğu, nə zaman müvafiq struktur bölmələrə müraciət etməsinin zəruriliyi və sosial media qaydalarının praktik nümunələrlə necə daha effektiv tətbiq oluna biləcəyi izah edilir.

Məqalədə beynəlxalq universitetlərin təcrübələrinə də istinad edilir, sosial media üzrə təlimatların akademik müstəqilliyə hörmətlə yanaşmaqla institusional reputasiyanın qorunmasına və məsuliyyətli kommunikasiyanın təşviqinə xidmət etməli olduğu qeyd olunur.

Qeyd edək ki, “Times Higher Education” ali təhsil sahəsində beynəlxalq reytinqləri, xəbərləri və ekspert təhlilləri ilə tanınannəşrdir. Onun THE Campus platformasında universitet rəhbərləri, akademik heyət və ali təhsil mütəxəssisləri üçün praktik tövsiyələr və peşəkar təcrübəyə əsaslanan məqalələryayımlanır.

Məqalə ilə tanış olmaq üçün:

https://www.timeshighereducation.com/campus/how-write-university-social-media-guidelines-academics-will-use