Avropa ilə Azərbaycan münasibətləri artıq ənənəvi diplomatik təmaslar və enerji əməkdaşlığı çərçivəsini xeyli geridə qoyur.
Dəyişən geosiyasi reallıqlar, Avropanın enerji təhlükəsizliyi, yeni nəqliyyat marşrutlarına ehtiyac və Cənubi Qafqazda davamlı sülh axtarışları Bakının strateji əhəmiyyətini daha da artırır.
Noyabrın 12-də Dublində keçiriləcək “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Sammiti bu münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm siyasi platformadır. Lakin Azərbaycanın diqqəti təkcə Dublin görüşünə deyil, 2028-ci ildə Bakıda keçiriləcək növbəti sammitə də yönəlib. Çünki bu dəfə Avropa liderləri ilə dialoqun mərkəzi Bakıya çevriləcək.
Əslində, ASB Sammitinin Azərbaycanda keçirilməsi barədə qərar adi təşkilati seçim kimi qiymətləndirilə bilməz. Bu, Avropa siyasi elitasının Azərbaycanla dialoqa verdiyi əhəmiyyətin və ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisinin göstəricisidir. Prezident İlham Əliyevin təşəbbüsləri və həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, müxtəlif geosiyasi maraqların müzakirə olunduğu mühüm diplomatik mərkəzlərdən birinə çevrilir.
Bu baxımdan xüsusilə qeyd edilməlidir ki, əslində, Azərbaycan Avropaya can atmır. Ermənistan son illərdə Apropameyilli siyasət yeritsə də, Apropaya daha çox Azərbaycan lazımdır.
2028-ci ildə Avropa dövlət və hökumət başçılarının Bakıda toplaşması Prezident İlham Əliyevə Avropanın siyasi gündəliyini Azərbaycan paytaxtında müzakirə etmək imkanı verəcək. Başqa sözlə, Azərbaycan Avropaya inteqrasiya etmədən, öz müstəqil xarici siyasət kursunu qoruyaraq Avropanın siyasi dialoquna ev sahibliyi edəcək. Bu, Bakı üçün həm diplomatik nüfuz, həm də milli maraqların beynəlxalq səviyyədə təqdim olunması baxımından mühüm fürsətdir.
Avropanın Azərbaycanla əməkdaşlığa marağının başlıca səbəblərindən biri enerji təhlükəsizliyidir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələri enerji təchizatının şaxələndirilməsinin strateji əhəmiyyətini daha aydın dərk etdilər. Bu prosesdə Azərbaycan etibarlı tərəfdaş kimi ön plana çıxdı. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarükü, ixrac coğrafiyasının genişlənməsi və yeni enerji layihələri ölkəmizin Avropa üçün əhəmiyyətini artırır. Hazırda Azərbaycanın 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə qaz ixrac etməsi bu əməkdaşlığın real miqyasını göstərir.
Lakin Azərbaycanın Avropa üçün əhəmiyyəti yalnız təbii qazla da məhdudlaşmır. Xəzərin külək enerjisi potensialı, yaşıl enerji dəhlizləri, Orta Dəhliz və Şərq-Qərb nəqliyyat bağlantıları ölkəmizi Avropanın gələcək iqtisadi və enerji strategiyasında mühüm mövqeyə çıxarır. Bakı həm enerji mənbəyi, həm də Avropa ilə Asiyanı birləşdirən nəqliyyat qovşağı kimi strateji üstünlüklərə malikdir. Bu üstünlüklər Azərbaycanın beynəlxalq tərəfdaşlarla münasibətlərində siyasi çəkisini də artırır.
Digər mühüm məsələ Cənubi Qafqazda sülhün təmin olunmasıdır. Avropa üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təkcə regional sabitlik məsələsi deyil. Bu, Avropa ilə Asiya arasında təhlükəsiz nəqliyyat əlaqələrinin qurulması, ticarətin genişlənməsi və yeni iqtisadi imkanların yaranması deməkdir. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi və regional kommunikasiyaların açılması təşəbbüsləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Davamlı sülhün təmin olunması üçün isə əldə edilmiş razılaşmaların icrası, qarşılıqlı öhdəliklərə əməl edilməsi və regionun gələcəyinə mane olan amillərin aradan qaldırılması vacibdir.
2028-ci il Bakı Sammiti bütün bu məsələlərin Avropa liderləri ilə birbaşa müzakirəsi üçün əlavə imkan yaradacaq. Üstəlik, Azərbaycanın AQEM-ə sədrliyi, Mərkəzi Asiya ilə genişlənən əməkdaşlığı və İslam Əməkdaşlıq Təşkilatının qarşıdakı sammitinə ev sahibliyi perspektivi ölkəmizin diplomatik fəaliyyətinin coğrafiyasını daha da genişləndirir.
Burada diqqətçəkən əsas məqam Azərbaycanın müxtəlif siyasi məkanlarla münasibətlərini vahid strateji xətt üzrə inkişaf etdirməsidir. Bakı nə Qərblə münasibətlərini digər tərəfdaşları hesabına qurur, nə də regional maraqlarını beynəlxalq siyasi konyunkturadan asılı vəziyyətə salır. Müstəqil xarici siyasət, enerji potensialı, əlverişli coğrafi mövqe və siyasi dialoq imkanları ölkəmizin əsas üstünlükləridir.
Dublindən Bakıya uzanan diplomatik xətt Azərbaycanın beynəlxalq mövqeyində yeni mərhələnin başlanğıcı ola bilər. 2028-ci ildə Avropanın siyasi liderlərinin Bakıda bir araya gəlməsi ölkəmizin yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoqun təşkilatçısı və regional sabitliyin əsas iştirakçılarından biri olduğunu nümayiş etdirəcək.
Əsas məsələ isə bu diplomatik üstünlüyü uzunmüddətli siyasi və iqtisadi nəticələrə çevirməkdir.
Ağarza Elçinoğlu











.jpg)



.jpg)





























.jpg)
