Qubadlı Rayon İcra Hakimiyyətini və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qubadlı Rayon Komitəsinin Qubadlı Təhsil sektoru üzrə Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə 07 noyabr 2026-cı il tarixdə, 8 noyabr - Zəfər Günü ilə əlaqədar Sumqayıt şəhər 28 May Mədəniyyət evində tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Ceyhun Məmmədov, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsi Qubadlı rayon nümayəndəliyi, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, ağsaqqallar, ziyalılar, Şəhidlərimizin ailə üzvləri, yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Vətən müharibəsində əldə edilən Şanlı Qələbənin 5-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Prezident İlham Əliyevin dəmir iradəsi və şanlı Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən təslim oldu və bununla da xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu və şəhidlərimizin qisası alındı.

Çıxış edən Milli Məclisin deputatları İmamverdi İsmayılov və Ceyhun Məmmədov qeyd etdilər ki, Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə olunan zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”– deyən Ulu Öndər Heydər Əliyevin arzusunu realllaşdırdı. 

Eyni zamanda qeyd olundu ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə Azərbaycan bayrağı qaldırıldı.

Qubadlı rayon İcra Hakimiyyəti aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qazi Sənan Həsənov məruzə ilə, Milli Qəhrəman şəhid polkovnik Şükür Həmidovun qaedaşı Əsəd Həmidov, Milli Qəhrəman şəhid Vasili Əliyevin həyat yoldaşı Aygün Əliyeva bildirdilər ki, xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Sözsüz ki, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

Tədbir 28 May Mədəniyyət evində geniş konsert proqramı ilə davam etdirildi.