Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, universitet rəhbərliyi, Vətən müharibəsi iştirakçıları – polkovnik Bəhruz Hüseynov, polkovnik-leytenant Nahid Nəcəfov, polkovnik-leytenant Bəhruz Məmmədov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında söylədiyi nitqdən bir hissə nümayiş etdirilib.

AzMİU rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova açılış nitqi ilə çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq, xalqımızın birliyi və milli həmrəyliyinin tarixi qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Professor Gülçöhrə Məmmədova Zəfərin gənc nəsildə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Vətən müharibəsi iştirakçısı, polkovnik Bəhruz Hüseynov çıxışında müharibə dövründə Azərbaycan əsgərinin göstərdiyi şücaətdən, döyüş yoldaşlarının qəhrəmanlığından, Zəfərə aparan çətin, lakin qürurlu yoldan danışıb, tarixi Qələbənin hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacağını bildirərək gəncləri vətənə bağlı, milli dəyərlərə sadiq və məsuliyyətli vətəndaşlar kimi yetişməyə çağırıb.

Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi, Vətən müharibəsi iştirakçısı Elşad Babayev müharibə iştirakçısı kimi yaşadığı təcrübələri bölüşüb, döyüş meydanında Azərbaycan əsgərinin göstərdiyi iradə, birlik və fədakarlıqdan bəhs edib. 

Daha sonra universitetin tələbələrindən ibarət bədii özfəaliyyət kollektivinin hazırladığı musiqili-bədii kompozisiya nümayiş etdirilib. Vətənə məhəbbət, qəhrəmanlıq və Zəfər ruhunu əks etdirən kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir Zəfər Gününün tarixi əhəmiyyətinin bir daha vurğulanması, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi və Vətən müharibəsi qəhrəmanlarına minnətdarlıq hisslərinin ifadəsi ilə yadda qalıb.