Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov, Dövlət Turizm Agentliyinin nümayəndələri, ATMU-nun ilk (qurucu) rektoru olan Azərbaycan Dövlət Pedaqoji Unversitetinin (ADPU) rektoru Cəfər Cəfərov, ADPU-nun prorektoru Eldar Aslanov, ATMU-nun şəhid məzunu Məhəmmədəli Həsənzadənin atası Hörmət Həsənov, professor-müəllim heyəti, əməkdaşlar, məzunlar və digər dəvətli qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin 20 illik fəaliyyət yolunu, inkişaf mərhələlərini və əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Rektor İlham Mədətov universitet kollektivini yubiley münasibətilə təbrik edərək ATMU-nun inkişafında əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, ATMU-nun keçdiyi inkişaf yolu, ölkənin turizm və ali təhsil sahəsinə verdiyi töhfələr, universitetin qazandığı uğurlar və qarşıdakı hədəflərdən bəhs edib.
Universitetin ilk rektoru Cəfər Cəfərov çıxışında ATMU-nun yaradılması və formalaşması dövrü ilə bağlı xatirələrini bölüşüb, universitetin 20 illik yubileyi münasibətilə kollektivə təbriklərini çatdırıb. O, yubiley münasibətilə universitetə xatirə hədiyyəsi təqdim edib.
Şəhid məzun Məhəmmədəli Həsənzadənin atası Hörmət Həsənzadə çıxışında oğlunun ATMU ilə bağlı xatirələrini bölüşərək universitet kollektivinə təşəkkürünü bildirib. O, şəhid məzunun xatirəsinin yaşadılmasının ailəsi üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.
ATMU Məzunları İctimai Birliyinin sədri Ağamir Ağamirov universitetin məzunlarla əlaqələrinin əhəmiyyətindən danışaraq yubiley münasibətilə təbriklərini çatdırıb və ATMU ilə bağlı xoş xatirələrini bölüşüb.
Tədbir çərçivəsində elmi işlər üzrə prorektor, professor İranə Əliyevanın 70 illik yubileyi də qeyd olunub. Rektor İlham Mədətov İranə Əliyevanı yubileyi münasibətilə təbrik edib. Onun universitetin elmi və tədris fəaliyyətinin inkişafındakı xidmətlərini xüsusi vurğulayıb.
Mərasimdə universitetin inkişafında xüsusi xidmətləri olan əməkdaşlar Dövlət Turizm Agentliyi və ATMU rəhbərliyi tərəfindən təltif ediliblər.
Yubiley tədbiri ənənəvi tortun kəsilməsi, xatirə fotolarının çəkilməsi və qonaqların iştirakı ilə keçirilən qeyri-rəsmi hissə ilə davam edib.

















.jpeg)



















.webp)






