Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımı zamanı qəhrəmancasına həlak olmuş şəhid Şöhrət Həsənova həsr edilən “Bir şəkil” sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimatda Dövlət Komitəsinin rəsmi şəxsləri və əməkdaşları iştirak ediblər.

"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşdığını qeyd edib. Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurda təhlükəsiz və ləyaqətli qayıdışı davam edir, indiyədək işğaldan azad edilmiş ərazilərdə 50-yə yaxın yaşayış məntəqəsində daimi məskunlaşma təmin olunub.

Daha sonra “Bir şəkil” sənədli filmi nümayiş etdirilib. Ekran əsəri Xocalının blokadada olduğu ağır günlərdə sakinlərin səsini dünyaya çatdıran “Xocalının səsi” qəzetinin nəşrində müstəsna xidmətlər göstərmiş Şöhrət Həsənovun ömür və döyüş yolundan bəhs edir. Filmdə onun Xocalıda həm qələmi, həm də silahı ilə mərdliklə mübarizə apardığı xüsusi vurğulanır. 

“Bir şəkil” sənədli filminin layihə rəhbəri Xuraman Osmanova, ideya müəllifi və rejissoru Nicat Cəlilov, ssenari müəllifi Orxan Aslandır.

Filmin nümayişindən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov və “Bir şəkil” sənədli filminin ideya müəllifi və rejissoru Nicat Cəlilov çıxış edərək ekran əsərinin əhəmiyyəti, ərsəyə gəlmə prosesi və filmlə bağlı təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, şəhid Şöhrət Həsənov 1944-cü il dekabrın 23-də Xocalı rayonunda anadan olub. Şərəfli ömür yolu keçərək uzun müddət müxtəlif məsul vəzifələrdə, Xocalı soyqırımı baş verən vaxtlarda isə Rayon İcra Hakimiyyətində çalışıb. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin hücumu zamanı dinc əhalinin xilas edilməsi üçün son anadək döyüşüb. Döyüşlər zamanı düşmən tərəfindən işgəncələrlə qətlə yetirilərək şəhadətə qovuşub. Məzarı Bakı şəhərindəki Şəhidlər Xiyabanındadır. O, göstərdiyi fədakar xidmətlərə və şücaətə görə “İgidliyə görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, sənədli filmin ilkin təqdimatı ötən həftə Nizami Kino Mərkəzində şəhidin yaxınlarının, rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.