Uşaqların dayanmadan sual verməsi valideynlər üçün bəzən yorucu olsa da, bu davranış onların öyrənmə və problem həll etmə bacarıqları ilə əlaqəli ola bilər.
“Unikal” xarici mediaya istinadən xəbər verir ki, uşaqların davamlı olaraq “niyə?” və “necə?” suallarını verməsi ətraf aləmi anlamaq və hadisələr arasındakı səbəb-nəticə əlaqələrini öyrənmək istəyindən qaynaqlana bilər.
"Early Childhood Research Quarterly" jurnalında dərc olunan araşdırmada 4–5 yaşlı 24 uşaq araşdırılıb. Nəticələr uşaqların sualvermə meyli ilə elmi düşüncə tələb edən problemləri həll etmək bacarığı arasında əlaqə olduğunu göstərib.
Məqalədə qeyd olunur ki, maraq səviyyəsi yüksək olan uşaqlar problem həllində daha uğurlu nəticələr göstərə bilirlər.
Mütəxəssislərin yanaşmasına görə, uşaqların suallarını görməzdən gəlmək və ya maraqlarını boğmaq əvəzinə, onlara yaşlarına uyğun, aydın izahlar vermək öyrənmə prosesinə dəstək ola bilər.
Bununla belə, çox sual vermək təkbaşına yüksək intellekt göstəricisi hesab edilmir. Uşağın idrak qabiliyyətini qiymətləndirmək üçün bir sıra amillər nəzərə alınmalıdır.























































