Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirildi. İlk növbədə vurğulamaq lazımdır ki, bu görüş təkcə MDB ölkələri arasındakı əlaqələrdə önəmli rol oynamır, eyni zamanda, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı baxımından yeni səhifə açır.
Görüşdə çıxış edən ölkə başçısı ilk olaraq vurğuladı ki, keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Prezident bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarına bir daha təşəkkürünü bildirirəm: "Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi".
Sitatdan da göründüyü kimi, Türkmənistanla Azərbaycan arasındakı əlaqələrin inkişafında iki ölkə liderlərinin dostluq və qardaşlıq münasibətlərinin rolu da xüsusi yerə sahibdir.
Cənab prezidentin vurğuladığı kimi, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Bu məqamda xüsusi vurğulamaq lazımdır ki, Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Təbii ki, Azərbaycan dövləti, Azərbaycan xalqı qardaş ölkələrin bu cür həmrəylik yardımlarını çox yüksək qiymətləndirir və heç vaxt unutmayacaq. Bu kimi hallar ölkələr və xalqlar arasındakı gələcək əlaqələrin inkişafı baxımından da xüsusi önəm daşıyır.
Ölkə başçısının tədbirdə vurğuladığı məsələlərdən biri də son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin xeyli genişlənməsi ilə bağlı oldu. Dövlətimizin başçısı qeyd etdi ki, siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb:
"İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır".
Cənab prezidentin vurğuladığı kimi, biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik. Eyni zamanda, birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq. Bu, gələcək iqtisadi əlaqələrin inkişafında xüsusi inkişaf konsepsiyasının yol xəritəsidir.
Ölkə başçısı tədbirdəki çıxışında onu da bildirdi ki, əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Danılmaz faktdır ki, Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır: "Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq".
Hazırda Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Prezidentin də söylədiyi kimi, hazırda ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Burada əsas nüans odur ki, bütün ölkələrin milli maraqları da qorunur.
Eyni zamanda, bütün bunlarla yanaşı, paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Artıq bu istiqamətdə də müsbət tendensiyalar müşahidə edilir. Digər tərəfdən, Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb etməkdədir. Statistik rəqəmlərə baxsaq, görərik ki, keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox olub. Həmçinin bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb. Prezident bu statistik rəqəmləri təqdim etməklə ölkələr arasındakı iqtisadi inkişaf tendensiyalarını göz önünə sərdi.
Ölkə başçısı onu da xüsusi qeyd etdi ki, energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur: "Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq".
Bir sözlə, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər bu platformada ölkəmizin oynadığı rolu və önəmi bir daha hər kəsin diqqətinə çatdırmış oldu. Eyni zamanda, burada cənab prezidentin səsləndirdiyi tezislər gələcək inkişafın növbəti uğurlu səhifələrinin yazılmasında yol xəritəsi rolunu oynayacaq.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri






















.jpg)

.jpg)


.jpg)

















..jpeg)




