2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi yalnız hərbi əməliyyatlar silsiləsi deyildi. Bu müharibə Azərbaycan cəmiyyətinin dövlət, ordu və Vətən anlayışları ətrafında necə səfərbər ola bildiyini göstərən tarixi mərhələ idi.
Bəzi müharibələrin tarixini xəritələr dəyişir, bəzilərinin tarixini isə insanlar yazır. Azərbaycanın 44 günlük Vətən müharibəsi də yalnız səngərlərdə deyil, evlərdə, küçələrdə, xəstəxanalarda, məktəblərdə və insanların vicdanında yaşandı.
27 sentyabr 2020-ci ildə başlayan müharibənin ilk günlərindən etibarən cəmiyyətin müxtəlif təbəqələrindən gələn həmrəylik nümunələri artıq ayrıca bir tarixdir. Yaşlı insanların pensiyalarından vəsait ayırması, kəndlinin qazancını əsgərlə bölüşməsi, ailələrin övladlarını cəbhəyə yola salması bu müharibənin arxasında yalnız dövlət iradəsinin deyil, geniş ictimai səfərbərliyin də dayandığını göstərirdi. Günlərin birində hətta yaşlı bir qadının illər ərzində saxladığı “kəfən pulunu” əsgərlərə yardım kampaniyasına bağışladığının şahidi olduq.
Bu detalın simvolik mənası böyükdür.
Kəfən üçün saxlanılan pulun orduya verilməsi əslində bir insanın öz ölümündən əvvəl Vətənin taleyini düşünməsi demək idi. Həmin qadın üçün kəfən sabahın, ordu isə bu günün məsələsi idi. O, öz ehtiyacını arxa plana keçirərək dövlətin və ordunun yanında dayanmışdı. Müharibənin mənəvi tərəfi məhz belə sadə, lakin ağır çəkili hadisələrdə görünürdü.
Ancaq xalqın iradəsini qələbəyə çevirən əsas qüvvə, şübhəsiz ki, Azərbaycan Ordusu idi.
44 gün ərzində hərbçilər son dərəcə mürəkkəb relyefdə, xüsusilə dağlıq ərazilərdə ağır döyüşlər apardılar. Mərdlik burada yalnız hücuma keçməkdən ibarət deyildi. Yaralı silahdaşını döyüş meydanında qoymamaq, şəhidin nəşini geri gətirmək, ən çətin istiqamətlərdə irəliləmək və verilən tapşırığı yerinə yetirmək Azərbaycan əsgərinin döyüş əzminin əsas göstəricilərindən idi.
Bu müharibənin nəticəsi hərbi baxımdan olduğu qədər siyasi baxımdan da mühüm idi. 8 noyabrda Şuşanın azad edilməsi müharibənin dönüş nöqtələrindən birinə çevrildi. İki gün sonra, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması razılaşdırıldı. Bu sənəd Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən siyasi nəticə idi. Sonrakı proseslər isə Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxardı.
Lakin 44 günlük müharibədən sonra Azərbaycanın qarşısında daha mürəkkəb məsələ yarandı: hərbi qələbəni davamlı siyasi nizama çevirmək...
2020-ci ildən sonrakı proseslərin məntiqi də məhz buradan başlayır.
Azərbaycanın mövqeyi zamanla daha aydın formalaşdı: keçmiş münaqişənin hüquqi-siyasi institutları aradan qaldırılmalı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımalı, iki dövlət arasında sərhədlər müəyyənləşdirilməli və münasibətlər yeni hüquqi baza üzərində qurulmalıdır.
Bu prosesdə 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilmiş razılaşmalar mühüm mərhələ oldu. Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin razılaşdırılmış mətnini parafladılar. Həmin sənəd 17 maddədən ibarətdir və tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini tanımasını, qarşılıqlı ərazi iddialarından imtina etməsini, gücdən istifadə etməməsini, diplomatik münasibətlər qurmasını, sərhədin delimitasiya və demarkasiyasını davam etdirməsini nəzərdə tutur.
Sənədin başqa bir mühüm müddəası ondan ibarətdir ki, tərəflər bir-birinə qarşı beynəlxalq məhkəmələrdə mövcud dövlətlərarası iddiaları geri götürməli və gələcəkdə bu tip iddialar irəli sürməməlidirlər. Eyni zamanda, sazişin icrasına nəzarət üçün ikitərəfli komissiyanın yaradılması nəzərdə tutulur.
Deməli, söhbət artıq sadəcə atəşkəsdən getmir. Söhbət müharibə münasibətlərindən dövlətlərarası münasibətlərə keçiddən gedir.
Bəs sülh sazişi nə vaxt imzalana bilər?
Bu suala dəqiq tarix demək hələ mümkün deyil. Çünki 2025-ci ilin avqustunda paraflanmış mətn artıq hazır olsa da, onun imzalanması və ratifikasiyası başa çatmayıb. Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il avqustun 8-də də sazişin imzalanma və ratifikasiyanı gözlədiyini açıq şəkildə bildirib.
Azərbaycan isə 2025-ci ilin martından etibarən Ermənistan Konstitusiyasının Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirdiyi müddəalardan təmizlənməsini sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri kimi təqdim edir.
2026-cı ilin iyulunda Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev də Azərbaycanın mövqeyinin dəyişmədiyini bildirib: Ermənistan Konstitusiyasındakı ərazi iddiası kimi qiymətləndirilən müddəalar hüquqi mexanizmlə aradan qaldırılmalıdır.
Burada mühüm məqam var: konstitusiyaya dəyişiklik Ermənistanın daxili hüquqi prosedurlarından keçməlidir. Ermənistan Konstitusiyasının 202-ci maddəsinə əsasən, müəyyən konstitusiya müddəalarının dəyişdirilməsi referendum tələb edir. Referendumun keçirilməsi üçün də ayrıca konstitusion prosedurlar mövcuddur.
Bu səbəbdən sülh sazişinin imzalanması üçün əsas yol xəritəsini belə ümumiləşdirmək olar:
Birincisi, Ermənistanın konstitusion-hüquqi çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı gələcək iddialara hüquqi əsas yarada biləcək müddəalar aradan qaldırılmalıdır.
İkincisi, iki ölkə arasında sərhədin delimitasiya və demarkasiyası üzrə işlər davam etməlidir. 2026-cı ilin avqustunda İlham Əliyev və Nikol Paşinyan da bu prosesin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Üçüncüsü, paraflanmış saziş imzalanmalı, daha sonra tərəflərin daxili prosedurları tamamlanmalı və ratifikasiya sənədləri mübadilə edilməlidir. Sazişin özünə görə, sənəd məhz bu daxili prosedurların başa çatması barədə bildirişlərin mübadiləsindən sonra qüvvəyə minir.
Dördüncüsü, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və iqtisadi-kommunikasiya əlaqələrinin genişləndirilməsi sülhün praktiki dayaqlarına çevrilməlidir.
Bu baxımdan 2026-cı ilin yayında baş verən proseslər də diqqət çəkir. Bakı və İrəvan arasında artıq yalnız siyasi bəyanatlar deyil, ticarət və tranzit münasibətlərinin inkişafı barədə də konkret təmaslar mövcuddur. Avqustun 31-də İlham Əliyev və Nikol Paşinyanın Bişkekdəki görüşündə Azərbaycan neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən Ermənistana Azərbaycan ərazisindən tranzit və iki ölkə arasında ticarət əlaqələrinin inkişafı sülhün praktiki nəticələri kimi qeyd edilib. Sentyabrın 24-də isə iki ölkənin xarici işlər nazirləri iqtisadi və nəqliyyat infrastrukturlarının açılması məsələsini müzakirə ediblər.
Bu mənzərə göstərir ki, siyasi sülh sənəddən əvvəl müəyyən mənada iqtisadi və praktiki müstəvidə formalaşmağa başlayıb.
Əslində, Vətən müharibəsinin ən böyük siyasi paradoksu da budur: 44 gün ərzində əldə edilən hərbi qələbə son nöqtə deyil, yeni mərhələnin başlanğıcı oldu.
Müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini hərbi müstəvidə həll etdi. Sonrakı proses isə həmin reallığın beynəlxalq və hüquqi münasibətlər sistemində möhkəmləndirilməsinə yönəldi. 2025-ci ildə tərəflərin ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciəti də keçmiş münaqişə mexanizmlərinin aradan qaldırılması istiqamətində mühüm addım oldu. ATƏT-in müvafiq strukturları həmin prosesin yekunlaşdırıldığını açıqlayıb.
İndi əsas məsələ müharibənin nəticəsini sülhün başlanğıcına çevirməkdir.
Bunun üçün sülh yalnız imzalanmış kağız olmamalıdır. O, sərhəddə təhlükəsizlik, qarşılıqlı ərazi bütövlüyünün tanınması, nəqliyyat xətlərinin açılması, diplomatik münasibətlər, iqtisadi əməkdaşlıq və gələcək nəsillər üçün yeni qarşılıqlı münasibət modeli deməkdir.
2020-ci ildə Azərbaycan əsgəri səngərdə tarix yazdı. O tarixdə kəfən pulunu orduya verən qadının da payı vardı, cəbhəyə gedən gəncin də, şəhid ailəsinin də, həkimin də, müəllimin də...
İndi həmin tarixin qarşısında başqa bir məsuliyyət dayanır: Qələbəni qorumaq.
Çünki müharibədə qalib gəlmək tarixin bir səhifəsidir. Qələbənin yaratdığı siyasi reallığı davamlı sülhə çevirmək isə daha uzun bir prosesdir.
44 gün Azərbaycan üçün torpağın necə azad edildiyini göstərdi.
Sülh dövrü isə həmin torpaqlarda gələcəyin necə qurulacağını göstərəcək.
Ağarza Elçinoğlu







































.jpg)










.jpeg)



