Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib, burada görülən işlərlə tanış olub və bir sıra vacib dövlət obyektlərinin təməlqoyma mərasimində iştirak edib. Cənab Prezidentin Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdiyi strateji məqamlardan biri də enerji təhlükəsizliyi və elektrik enerjisi ixracatı ilə bağlı idi.
"Unikal"ın məlumatına görə, məsələ ilə bağlı şərh verən Milli Məclisin deputatı Vüqar Bayramovbildirib ki, hazırda Naxçıvanda əhalinin illik təbii qaz istehlakı 127 milyon kubmetr, elektrik enerjisi sərfiyyatı isə 147 milyon kVt-saat təşkil edir. Deputatın sözlərinə görə, 2020-ci ildən sonra Naxçıvanda əhalinin elektrik enerjisi istehlakı 16 faiz artıb. Bu isə Naxçıvanda enerji təhlükəsizliyinin güclənməsi ilə yanaşı, iqtisadiyyatın inkişafı nəticəsində enerji tələbinin artması ilə bağlıdır. Belə ki, əhali ilə yanaşı, iqtisadiyyatın da enerji istehlakında artım müşahidə olunur.
İqtisadçı-deputat diqqətə çatdırıb ki, hazırda Naxçıvanda 130 sənaye müəssisəsi fəaliyyət göstərir, 2020-ci ildə isə bu göstərici 109 idi. Bu o deməkdir ki, son 5 ildə Naxçıvanda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 20 faiz artıb.
Vüqar Bayramov vurğulayıb ki, Zəngəzur dəhlizinin və eləcə də TRİPP-in istifadəyə verilməsi uzun müddət blokada şəraitində yaşayan Naxçıvanın strateji mövqeyini daha da gücləndirəcək. Yeni mərhələdə Naxçıvan vasitəsi ilə yalnız ənənəvi məhsulların deyil, eləcə də elektrik enerjisinin də ixracatı mümkün olacaq. Əsas destinasiya isə Avropa İttifaqıdır. Millət vəkili əlavə edib ki, bu layihələrin reallaşması Avropada Azərbaycan işığının yanması demək olacaq.






.jpg)

















































