İlkin ödəniş olaraq 5500 manat verib avtomobil alan qadın həm pulundan, həm də avtomobilindən olub.

"Unikal" Xəzər TV-yə istinadən xəbər verir ki, Tovuz sakini Elnurə Çobanova deyir ki, bu ilin aprel ayında "Sundeer Cars" lizinq şirkəti vasitəsilə "Changan A05" markalı avtomobil əldə edib. Onun sözlərinə görə, avtomobil üçün 5 min 500 manat ilkin ödəniş edib. Qalan məbləğ isə aylıq 1000 manat olmaqla 26 aylıq ödəniş qrafiki ilə rəsmiləşdirilib. Qadın bildirir ki, ilk aylıq ödənişi etdikdən sonra gözlənilməz hadisə ilə üzləşib.

Elnurə Çobanovanın sözlərinə görə, avtomobilin hara aparıldığı və bunun hansı əsasla edildiyi barədə ona heç bir məlumat verilməyib.

Məsələni aydınlaşdırmaq üçün "Sundeer Cars" lizinq şirkətini araşdırmağa başladıq. Öyrəndik ki, belə bir şirkət artıq yoxdur.

Əldə etdiyimiz məlumata görə, polis əməkdaşları müraciətlər əsasında aparılan araşdırmalarla Müşfiq Abuzərlinin qabaqcadan əlbir olduğu şəxslərlə birgə kredit yolu ilə avtomobil satmaq vədi ilə, vətəndaşları aldadaraq pullarını ələ keçirmələrini müəyyən ediblər. Həmin şəxslərin dələduzluq əməlləri ilə bağlı Suraxanı rayon polis idarəsində cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.