Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 2026-cı il iyulun 1-də Azərbaycana etdiyi səfər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Avropa İttifaqının Cənubi Qafqaz siyasətində dəyişən prioritetlərinin göstəricisi kimi qiymətləndirilə bilər.
Səfərin ən diqqətçəkən məqamlarından biri onun marşrutu oldu. Əvvəlcə Ermənistana, daha sonra isə Azərbaycana səfər edəcəyi gözlənilən Avropa Komissiyası Prezidenti ilk olaraq Bakını seçdi.
Bu qərar təsadüfi diplomatik detal deyil. Əksinə, Avropa İttifaqının regionda siyasi bəyanatlardan daha çox strateji maraqlara əsaslanan siyasət yürütməsinin növbəti nümunəsidir.
Son illər Avropa İttifaqının enerji siyasəti ciddi transformasiya mərhələsinə daxil olub. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa enerji təhlükəsizliyini yenidən formalaşdırmağa məcbur qaldı və alternativ mənbələrin əhəmiyyəti kəskin şəkildə artdı. Bu prosesdə Azərbaycan Aİ üçün əsas tərəfdaşlardan birinə çevrildi.

Məhz bu kontekstdə Ursula Fon der Lyayenin 2022-ci il iyulun 18-də Bakıya səfəri tarixi əhəmiyyət daşıyırdı.
Həmin səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Memorandum Azərbaycan qazının Avropa bazarına nəqlinin artırılmasını və enerji əməkdaşlığının uzunmüddətli əsasda inkişaf etdirilməsini nəzərdə tuturdu.
Aradan dörd il keçdikdən sonra Avropa Komissiyası Prezidentinin yenidən Bakıya gəlməsi onu göstərir ki, həmin sənəd sadəcə siyasi bəyanat deyil, praktik əməkdaşlığın təməlini təşkil edib. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm elementlərindən biri kimi çıxış edir.
Maraqlıdır ki, son illərdə Avropa İttifaqına inteqrasiya istiqamətində ən fəal addımlar atan ölkə məhz Ermənistandır.

İrəvan Qərblə münasibətləri sürətlə genişləndirib, Avropa strukturları ilə əməkdaşlığı artırıb, hətta bu siyasət fonunda Rusiya ilə münasibətlərdə ciddi gərginlik yaranıb. Belə ki, Moskva artıq İrəvanı Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ) arasında seçim etməyə çağırır. Eyni zamanda seçimin mahiyyətini anlamaq üçün Ermənistan məhsullarının Rusiyaya və birlik ölkələrə ixracını süni şəkildə məhdudlaşdırır.
Məhz bu səbəbdən ötən gün Ermənistan tərəfinin təşəbbüsü ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiyaın Baş naziri Mixail Mişustin arasında telefon danışığı olub. Tərəflər ticarət-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə əməkdaşlığı müzakirə ediblər.
Belə bir vəziyyətdə Avropa siyasi mesaj vermək və İrəvana dəstəyini ifadə etmək üçün ilk səfəri Ermənistana planlaşdırırdı. Buna baxmayaraq, Ursula Fon der Lyayenin ilk səfər ünvanı Ermənistan deyil, Azərbaycan oldu.
Bu fakt onu göstərir ki, Avropa İttifaqının xarici siyasətində geosiyasi və iqtisadi maraqlar ideoloji yaxınlıqdan daha böyük rol oynayır. Ermənistan Avropa üçün siyasi tərəfdaş ola bilər, lakin Azərbaycan həm enerji təminatçısı, həm nəqliyyat qovşağı, həm də Orta Dəhlizin əsas iştirakçılarından biri kimi daha yüksək strateji çəkiyə malikdir.
Başqa sözlə, Brüssel üçün Cənubi Qafqaz siyasətində Bakı artıq təkcə regional aktor deyil, Avropa təhlükəsizliyinin vacib elementidir.
Prezident İlham Əliyevlə Ursula Fon der Lyayen arasında keçirilən görüşdə yalnız enerji məsələlərinin deyil, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika, regional bağlantılar, rəqəmsal transformasiya, yaşıl enerji və Cənubi Qafqazda sabitlik məsələlərinin də müzakirə olunması bunu göstərir ki, tərəflər münasibətləri daha geniş strateji çərçivədə inkişaf etdirməyə çalışırlar.

Azərbaycan artıq yalnız təbii qaz ixracatçısı kimi deyil, həm də Xəzər hövzəsinin yaşıl enerji potensialını Avropa bazarına çıxarmağı hədəfləyən tərəfdaş kimi çıxış edir. Xəzər dənizində külək enerjisi layihələri, Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli, Orta Dəhliz üzrə nəqliyyat əməkdaşlığı və rəqəmsal bağlantılar Aİ-Azərbaycan münasibətlərinin yeni istiqamətlərini formalaşdırır.
Avropa İttifaqı üçün Çin ilə Avropa arasında alternativ ticarət marşrutlarının yaradılması getdikcə daha mühüm məsələ halını alır. Bu baxımdan Orta Dəhliz son illərdə xüsusi əhəmiyyət qazanıb. Azərbaycan isə bu marşrutun əsas tranzit ölkəsi hesab olunur. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər üzərindən yükdaşımalar və regionda həyata keçirilən logistika layihələri Azərbaycanın strateji mövqeyini daha da gücləndirib.
Bu reallıq Avropa Komissiyası Prezidentinin Bakıya səfərinin yalnız enerji gündəliyi ilə məhdudlaşmadığını göstərir. Söhbət Avropanın yeni iqtisadi və nəqliyyat arxitekturasında Azərbaycanın rolunun genişlənməsindən gedir.
Son illər müəyyən siyasi fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan ilə Avropa İttifaqı arasında dialoq heç vaxt dayanmayıb. Əksinə, qarşılıqlı maraqlar münasibətlərin davamlı inkişafını təmin edib.
Brüssel Azərbaycanı yalnız enerji tərəfdaşı kimi deyil, regional sabitliyin təmin olunması, Avropa ilə Asiya arasında bağlantıların inkişafı və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da mühüm aktor hesab edir.
İlk səfərin Bakıya edilməsi isə həm diplomatik jest, həm də siyasi mesajdır. Bu addım Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın xüsusi yer tutduğunu nümayiş etdirir.
Ağarza Elçinoğlu








.jpg)





























.jpg)









