Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı və SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə Şuşa Bəyannaməsinin ildönümü və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini və Şuşa Bəyannaməsinin mahiyyətini əks etdirən sənədli film nümayiş olunub.

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxış edərək vurğulayıb ki, Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəmizi ictimai-siyasi böhrandan xilas edib, müstəqilliyimizin qorunmasına və dövlətçiliyimizin möhkəmlənməsinə zəmin yaradıb.

SOCAR “Azərikimya” İB-nin baş direktoru Elnur Məmmədli, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov və Sumqayıt Dövlət Universitetinin tələbəsi Rahil Cəfərov vurğulayıblar ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin müasir inkişaf tarixində dönüş nöqtəsidir. Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində, Türk dünyasının birliyinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Çıxışlarda qeyd olunub ki, bu mühüm sənəd regional əməkdaşlıq və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır və Azərbaycan-Türkiyə müttəfiqliyinin inkişafına möhkəm zəmin yaradır.

Tədbir bədii proqramla davam edib.