11 iyun 2026-cı il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan – Zəfərə” mövzusunda dəyirmi masa keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını və müasir Azərbaycanın inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov qeyd edib ki, Azərbaycan xalqı 1993-cü il iyunun 15-dən 2020-ci il noyabrın 8-dək olan 27 illik dövrdə şərəflə irəliləyərək möhtəşəm bir yol keçib, böyük Qurtuluşdan möhtəşəm Zəfərə doğru qətiyyətlə addımlayıb. O bildirib ki, Vətən uğrunda çıxdığımız bu haqq yolunun başlanğıcında yaşanan çətinliklərə baxmayaraq, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qurtuluş missiyasını yerinə yetirərək ölkəmizi sürükləndiyi bəlalardan və məhv olmaq təhlükəsindən xilas edib. 44 günlük Vətən müharibəsində isə Müzəffər Ali Baş Komandan İlham Əliyev xilaskarlıq missiyası ilə çıxış edərək torpaqlarımızı 30 illik işğaldan azad edib və xalqımıza böyük Zəfər bəxş edib. Üçrəngli, ay-ulduzlu müqəddəs bayrağımızı Qarabağın və Şərqi Zəngəzurun şah zirvələrində dalğalandıraraq bizə milli qurtuluşumuzun ən möhtəşəm təntənəsini yaşadan qalib Lider İlham Əliyev bu qürurlu qələbəsi ilə həm də Ulu Öndər Heydər Əliyevin ruhunu şad edib.

Dəyirmi masada çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bütün dünyada sayılıb-seçilən, nəhəng fəaliyyəti ilə özünəməxsus yeri olan görkəmli ictimai-siyasi və dövlət xadimidir və Azərbaycan gəncliyi üçün əsl nümunədir. Bu gün Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı və ərazi bütövlüyümüzün bərpa olunması Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında formalaşmış, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır. Qısa zaman ərzində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahələrdə qazanılan uğurların təməli məhz 15 İyun – Milli Qurtuluş Günündən başlayır və Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Dəyirmi masadakı çıxışına Prezident İlham Əliyevin 2023-cü ildə Şuşadan xalqa müraciəti zamanı səsləndirdiyi: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik” sözləri ilə başlayan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov vurğulayıb ki, Ulu Öndərin 100 illik yubileyi münasibətilə çıxış edən dövlətimizin başçısı bu sözləri həm də ata vəsiyyətini yerinə yetirən oğulun fəxarəti və qüruru ilə ifadə edib.

YAP Qaradağ rayon təşkilatı sədrinin müavini qeyd edib ki, 30 il sonra zəfər qalamız Şuşada qalibiyyətimizi qeyd etdiyimiz, ən əlamətdar günlərimizi bayram təntənəsi ilə yaşadığımız günlərə qədər xalqımız böyük çətinliklərdən və sınaqlardan ibarət uzun bir yol qət edib. 1988-ci ildən 1993-cü ilin iyununadək Azərbaycan xalqı torpaqlarımızın, müstəqilliyimizin itirilməsi və xalqımızın məhv olması kimi dəhşətli təhlükələrlə üz-üzə qalıb. Belə bir ağır və mürəkkəb dövrdə Azərbaycan xalqı öz milli iradəsini ortaya qoyaraq ayağa qalxıb və qurtuluşuna yol açacaq dahi şəxsiyyət – Heydər Əliyevi təkidlə Bakıya dəvət edib. Həmin böhranlı zamanda – 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin xilaskarına çevrilib, ölkəmizi xaosdan, vətəndaş qarşıdurmasından, müharibədən və dövlət çevrilişləri təhlükəsindən xilas edib. Müasir Azərbaycan tarixinə dövlətçiliyimizin xilaskarı və banisi kimi adını qızıl hərflərlə həkk etdirən Heydər Əliyevin bu gün böyük qürurla Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyunda hakimiyyətə qayıdışı Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olub.

Faiq Qurbanov bildirib ki, Azərbaycan son 23 ildə Heydər Əliyev amallarının işığında, Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf yolu ilə inamla irəliləyərək mühüm nailiyyətlərə və möhtəşəm qələbələrə imza atıb. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasəti nəticəsində bu gün Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə sürətli inkişaf yolu keçib. Ulu Öndərin strategiyasının Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə, Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının nümayəndəsi Əhlliyyət Adıgözəlov bildirib ki, Ulu Öndər Heydər Əliyevin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin ana xəttini Azərbaycan dövlətçiliyinə xidmət təşkil edib. Şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq yaddaşlarda əbədiyaşarlıq qazanıb. Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab olunan Qurtuluş Günündən sonra vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər həyata keçirilib. Bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində Böyük Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Əminik ki, uğurla davam etdirilən müstəqil xarici siyasət nəticəsində ata-baba yurdumuz olan Qərbi Azərbaycan torpaqlarına da qayıdacağıq.

Tibb elmləri doktoru, professor, Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov çıxışında vurğulayıb ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev həm sovet hakimiyyəti illərində, həm də müstəqilliyin bərpasından sonra Azərbaycanı qüdrətli və iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməyi qarşısına məqsəd qoyub. Bu yolda qətiyyətli addımlar atan Ümummilli Lider həyata keçirdiyi islahatlar, qurduğu beynəlxalq əlaqələr və uzaqgörən siyasəti ilə Azərbaycanı davamlı inkişaf yoluna çıxararaq ölkəmizin etibarlı və sağlam gələcəyinin təməlini formalaşdırıb.

E.Hüseynov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri o qədər böyük və zəngindir ki, bu xidmətlər heç zaman unudulmayacaq, nəsildən-nəslə ötürüləcək. Ümummilli Liderin gördüyü işlər Azərbaycanın yalnız dünəninə və bu gününə deyil, həm də möhtəşəm gələcəyinə hesablanmış fəaliyyətdir. Bu gün həmin siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizi daha firavan və xoşbəxt gələcəyə aparır.