15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Gələcəyi dəyişən gün: Milli Qurtuluşdan güclü Azərbaycana” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvləri Şahlar Əsgərov və Misir Mərdanov, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Fuad Məmmədov və digərləri Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında, ölkədə sabitliyin və inkişafın təmin olunmasında müstəsna rolunu vurğulayıblar.
Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi daxili parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən qurtarıb, sabitliyin bərqərar olunmasına və müstəqil dövlət quruculuğuna yol açıb. Ümummilli Liderin formalaşdırdığı milli dövlətçilik ideologiyası, idarəçilik məktəbi və uzaqgörən siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı güclü, müstəqil və modern dövlətə çevirib. Çıxışlarda, həmçinin 30 illik işğala son qoyularaq qazanılan Qarabağ Zəfəri, Böyük Qayıdış proqramı və azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işlərinin Ulu Öndərin müəyyən etdiyi strateji kursun məntiqi davamı olduğu vurğulanıb.
Milli Qurtuluş Günü münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Dövlətçiliyimizin sabitlik və inkişaf mərhələsi” mövzusunda keçirilən lektoriyada isə kitabxananın direktoru Hüseyn Hüseynov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin baş elmi işçisi Mais Əmrahov, Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva çıxış edərək Milli Qurtuluş Gününün ölkənin sabitlik və inkişaf yolunda dönüş nöqtəsi olduğunu qeyd ediblər.
Natiqlər Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan dövlətçiliyinin qüdrətini təmin etdiyini, Heydər Əliyev Fondunun humanitar və mədəni layihələrinin isə Böyük Qayıdışın uğurlu icrasında tarixi rol oynadığını vurğulayıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.























































.jpg)
.jpeg)
