Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan – Zəfərə” adlı möhtəşəm bayram konserti keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Elçin Hüseynov, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, bələdiyyə nümayəndələri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, partiya fəalları, ictimaiyyət nümayəndələri və çoxsaylı rayon sakinləri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Bayram konsertində çıxış edənlər 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdiyini, dövlət müstəqilliyinin qorunub möhkəmləndirildiyini qeyd etmişlər. Bildirilmişdir ki, həmin siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz tarixi nailiyyətlər qazanır.
Konsert proqramı rəngarəng və zəngin bədii nömrələrlə yadda qalmışdır. Tədbir iştirakçılarına milli-mənəvi dəyərlərimizi, zəngin mədəni irsimizi və müasir Azərbaycan incəsənətini əks etdirən müxtəlif çıxışlar təqdim olunmuşdur gənc və yeniyetmə rəqqasların yüksək ustalıqla nümayiş etdirdikləri çıxışlar tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində tanınmış müğənnilərin çıxışları bayram ovqatını daha da yüksəltmişdir. Azərbaycan estradasının və musiqi sənətinin sevilən ifaçıları tərəfindən vətənpərvərlik mövzusunda, eləcə də xalq və bəstəkar mahnıları səsləndirilmişdir. İfa olunan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmış, iştirakçılara unudulmaz anlar yaşatmışdır. Müğənnilərin yüksək peşəkarlıqla təqdim etdikləri çıxışlar tədbirin ümumi məzmununa xüsusi rəng qataraq Milli Qurtuluş Gününün ruhuna uyğun bayram əhvali-ruhiyyəsinin formalaşmasına mühüm töhfə vermişdir.
İl ərzində müxtəlif dərnəklərdə və yaradıcılıq kollektivlərində fəaliyyət göstərən uşaqlar və gənclər qazandıqları bilik və bacarıqları, inkişaf etdirdikləri istedadları tədbir iştirakçılarına təqdim edərək yaradıcılıq hesabatı vermişlər. Onların rəqs, musiqi, vokal, aktyorluq və bədii qiraət sahələrində nümayiş etdirdikləri çıxışlar böyük maraq doğurmuş, gənc nəslin milli dəyərlərə bağlılığını, vətənpərvərlik ruhunu və yaradıcı potensialını bir daha nümayiş etdirmişdir.
Tədbirin yaddaqalan məqamlarından biri də, Azərbaycan Respublikasının Əməkdar artisti, Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru, Sənət Akademiyasının rəhbəri Aybəniz Haşımovanın rəhbərlik etdiyi yaradıcı kollektivin təqdim etdiyi möhtəşəm bədii proqram olmuşdur. Peşəkar ifaçıların təqdim etdikləri musiqi və səhnə nömrələri iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Bayram əhvali-ruhiyyəsində keçən tədbir iştirakçılarda xoş təəssüratlar yaratmış, Milli Qurtuluş Gününün əhəmiyyətinin bir daha geniş ictimaiyyətə çatdırılmasına, milli həmrəyliyin, dövlətçilik ənənələrinin və vətənpərvərlik dəyərlərinin təbliğinə mühüm töhfə vermişdir. “Milli Qurtuluşdan – Zəfərə” bayram konserti Azərbaycan xalqının qürur mənbəyi olan tarixi nailiyyətləri, müstəqillik və dövlətçilik ənənələrini, eləcə də Qaradağ rayonunda mədəni-mənəvi dəyərlərin inkişafına göstərilən diqqət və qayğını bir daha nümayiş etdirmişdir.





















.jpg)
.jpeg)








.jpg)




















