Regionun yaradıcı sənaye və innovasiya sahəsində aparıcı platformalarından biri olan “Baku Flames” festivalı Azercell-in tərəfdaşlığı ilə start götürdü. Şirkət artıq ikinci ildir ki, festivalın texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir.

"Unikal" xəbər verir ki, 15–16 may tarixlərində keçirilən festival aparıcı beynəlxalq şirkətlərin nümayəndələrini, kreativ sənaye, marketinq və media sahələrinin ekspertlərini bir araya gətirir. Bu il festivalın proqramında Meta, Google və TikTok kimi qlobal şirkətlərin spikerləri yer alır. Həmçinin artan beynəlxalq maraq fonunda festivala bu il daha geniş coğrafiyadan kreativ layihələr təqdim edilib. Layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti və yaradıcı sənaye üzrə tanınmış ekspertlər tərəfindən qiymətləndiriləcək, qaliblər isə festivalın ikinci günü elan olunacaq.

Festivalın ilk günündə Azercell-in təqdimatında keçiriləcək panel sessiyasında şirkətin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova brend və brend səfirləri arasında qarşılıqlı dəyərin formalaşması, eləcə də bu əməkdaşlıqların dinamikası ilə bağlı müzakirələrdə iştirak edəcək.

Qeyd edək ki, “Baku Flames” festivalı beynəlxalq kreativ sənaye nümayəndələrini bir araya gətirərək qlobal yaradıcı sənaye tendensiyalarının müzakirəsi, innovativ yanaşmaların paylaşılması və yeni tərəfdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynayır.