Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar Milli Məclisin Qərarı qəbul edilib.

"Unikal" xəbər verir ki, sənədi vitse-spiker Ziyafət Əsgərov oxuyub.

"Azərbaycan Respublikasının Milli Məclisi xarici ölkə parlamentləri və beynəlxalq parlament təşkilatları ilə əlaqələrində sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyəti rəhbər tutur, parlament dəyərlərinə və ortaq maraqlara əsaslanan açıq, səmimi və konstruktiv dialoqu təşviq edir. Təəssüflər olsun ki, Avropa Parlamentinin qeyd olunan prinsipləri inkar edən destruktiv mövqeyi bu qurumla ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı qarşısında başlıca maneəyə çevrilib.

Avropa Parlamentinin fəaliyyətinin mahiyyətində beynəlxalq hüququn norma və prinsiplərinin, ədalət anlayışının qəti surətdə rədd edilməsi dayanır. Bu qurum torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, 1 milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşıb. Avropa Parlamenti ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş platformalar - Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyası isə ölkəmizə qarşı təzyiq, şantaj və daxili işlərə kobud müdaxilə alətinə çevrilib.

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin bu münasibəti səbəbindən onunla bütün əlaqələrini 2015-ci ildə dayandırsa da, qarşı tərəfin çoxsaylı müraciətlərini və vədlərini əsas götürərək, əməkdaşlığı yenidən bərpa edib. Buna baxmayaraq, Avropa Parlamenti öz vədlərinə əməl etməmiş, özünün anti-Azərbaycan siyasətini, böhtan və qarayaxma fəaliyyətini ardıcıl surətdə davam etdirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra isə Avropa Parlamentinin bu fəaliyyəti daha geniş vüsət alıb. Prezident İlham Əliyevin özünün müəyyən etdiyi sülh gündəliyinin onun siyasi iradəsi və qətiyyəti sayəsində uğurla reallaşdırılması və tarixi Vaşinqton razılaşmaları ilə nəticələnməsi, dövlət başçısının sülhə, əməkdaşlığa və tərəqqiyə xidmət edən təşəbbüslərinin beynəlxalq səviyyədə dəstək qazanması bu qurumun anti-Azərbaycan ritorikasını daha da gücləndirmişdir. Təkcə onu demək kifayətdir ki, 44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamenti Azərbaycan əleyhinə saxta məlumatları, yalan iddiaları və absurd ittihamları əks etdirən 10-dan artıq qətnamə qəbul edib. Avropa Parlamentinin COP29 ərəfəsində və keçirildiyi dövrdə Azərbaycana qarşı hücumlarda əsas alətlərdən biri kimi istifadə olunması da yaddan çıxarılmamalıdır.

Bu gün demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən Avropa Parlamenti Azərbaycanofob və islamofob düşüncənin ardıcıl surətdə ifadə olunduğu struktura çevrilib. Əsas narahatlıq doğuran məqamlardan biri də budur ki, bu qurum yalnız Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına maneə törətmir. Bu həm də regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlara qarşı çıxır, revanşist qüvvələri təhrik etməklə regionumuzu yenidən münaqişə ocağına çevirməyə cəhd göstərir. Bütün bunlar isə Avropa Parlamenti ilə əməkdaşlığın mahiyyətini heçə endirir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın.

2. Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulsun.

3. Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın.
 

***12:00

"Biz xarici siyasətimizdə dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət, daxili işlərinə qarışmama prinsiplərini rəhbər tutur, beynəlxalq qurumlar ilə konstruktiv iş birliyini inkişaf etdiririk. Bu baxımdan ölkəmiz Avropa Parlamenti ilə əməkdaşlıq mexanizmlərini həmişə konstruktiv dialoq platforması kimi nəzərdən keçirib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova Avropa Parlamentinin dövlətimizə qarşı qərəzli fəaliyyəti barədə çıxışı zamanı deyib.

Spiker bildirib ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır, qitənin enerji təhlükəsizliyinə böyük töhfə verir: "Strateji infrastruktur layihələrinin reallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi yolunda atılan addımlar, regional sabitliyin təmin edilməsində fəal iştirak ölkəmizin beynəlxalq münasibətlər sistemində məsuliyyətli və konstruktiv rol oynadığını təsdiq edir. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər möhkəm təmələ əsaslanır və zəngin potensiala malikdir. Təəssüflə qeyd olunmalıdır ki, ölkəmizdə və regionumuzda baş verən proseslərə Avropa Parlamentinin yanaşmalarında mövcud olan problemlər böyük narazılıq və narahatlıq doğurur. Və bu proses uzun illərdir ki, davam edir. Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr birtərəfli və qərəzli xarakter daşıyır, ikili standartlara əsaslanır. Bu sənədlər real vəziyyəti əks etdirmir və çox vaxt Azərbaycanın qanuni maraqlarını pozmağa yönəlib. Görünən budur ki, Avropa Parlamentinin bu fəaliyyəti sistemli xarakter daşıyır. Avropa demokratiyasını təmsil etmək iddiasında olan bu qurumun Azərbaycana qarşı fəaliyyətlə məşğul olan lobbi qruplarının və müxtəlif maraq dairələrinin əlində alətə çevrilməsi təəssüf doğurur. Xatırladım ki, bir neçə il bundan əvvəl Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərində böhran ciddi siyasi qərarların qəbul edilməsi ilə nəticələnmişdi".

MM sədri bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra təşkilatın fəaliyyətində anti-Azərbaycan ritorikası daha da güclənib: "Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  əzəli torpaqlarımızın otuz illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi Avropa Parlamentinin Azərbaycana qarşı təxribatlarının intensivliyinin artmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 13 qətnamə qəbul edib. Bütün bunlar həmin qurumun əslində hansı meyarlar əsasında fəaliyyət göstərdiyinin əsas sübutu sayıla bilər. Şübhə yoxdur ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə məqsədyönlü fəaliyyəti ikitərəfli münasibətlərdə etimad mühitini pozmuş, eyni zamanda, konstruktiv dialoq və əməkdaşlıq perspektivlərinə sarsıdıcı zərbə vurub. Bu da aydındır ki, təşkilatın nümayiş etdirdiyi yanaşma regionda sülh və sabitlik yaradılmasına yönələn səylərə maneçilik törətməyə yönəlib. Milli Məclis Avropa Parlamentinin dövlətimizə qarşı qərəzli fəaliyyətinə səssiz qala bilməz və şübhəsiz ki, məsələ barəsində qəti mövqeyini bildirəcəkdir".

Deputat Zaur Şükürov bildirib ki, Avropa Parlamenti Ermənistanla bağlı “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə qəbul edərək, növbəti dəfə Azərbaycanı hədəfə alıb: "Qətnamədə Azərbaycana qarşı müddəalar tamamilə əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaqdır. Avropa Parlamentinin regionda post-münaqişə dövründə normallaşma və sülh səylərini dəstəkləmək əvəzinə, qarşıdurma mövqeyi sərgiləməsi regiondakı sülh prosesinə və Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərir".

MM üzvü Vüqar Bayramov xatırladıb ki, Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib: "Azərbaycan Prezidentinin çıxışında diqqəti çəkən məqamlardan bir də, Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizliyin müşahidə olunmasıdır. Təəssüf ki, ikili yanaşma yalnız idmanda deyil, eləcə də siyasətdə də müşahidə olunur. Bu yaxınlarda Avropa Parlamentində müzakirəyə çıxarılmış “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsi nominal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələblər ehtiva edir.  Yəni, Qərbdə bəzi dairələr hər imkanda Azərbaycana qarşı qərəzlərini nümayiş etdirməyə çalışırlar.

Təbii ki, Avropada Azərbaycanın dostları da az deyil. Ölkəmizə olan son yüksək səviyyəli səfərlər bunu bir daha təsdiq edir. Amma qitənin enerji təhlükəsizliyində xüsusi paya malik olan, son illər TAP kəməri vasitəsi ilə Avropaya 57 milyard kubmetrdən çox qaz nəql edən Azərbaycana qarşı bir sıra dairələrin qərəzli və ikili standardlara əsaslanan yanaşması təəssüf ki, bitmək bilmir. Bütün bunlara baxmayaraq, Azərbaycan idmanda, siyasət və iqtisadiyyatda da güclənir, öz inkişaf yolunu müəyyənləşdirir".

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, son 36 ildə Avropa Parlamentinin Ermənistan–Azərbaycan münaqişəsi və Qarabağ məsələsinə dair onlarla qətnaməyə nəzər saldıqda, Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edənlərin torpaqlarımızın işğalına necə haqq qazandırdıqlarını aydın görürük: “2020-ci ildə Vətən müharibəsində Qələbəmizdən sonra AvroParlament məğlub dövlətlərin tribunasına çevrilərək, İrəvan hakimiyyətinin dilə gətirmədiyi abidə, qayıdış və xristian irsinin qorunması mövzusu altında ölkəmizə qarşı hücumlarının intensivliyini gücləndirirlər. Hərbi əsirlər adı altında keçmiş işğalçıları diriltmək istəyi aşkar ortadadır. Onları siyasi məhbus elan etsələr təəccüblənmərik. Avroparlamentdə 3-cü Reyxə, Nürmberqdə mühakimə olunanlara bəraət tələb edərdilər. Son 35 ildə ilk dəfə AZAL təyyarəsi İrəvana gedib-təhlükəsiz şəraitdə Baş nazirinin müavini prezidentin tapşırığı ilə sülh prosesi çərçivəsində sərhəd xəttini razılaşdırırlar. Belə bir vaxtda, barışa və təhlükəsizliyə qarşı fəallaşan qüvvələr Qələbəmizdən qisas almağa çalışırlar”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov vurğulayıb ki, Avropa Parlamenti 2015-ci ildə də Azərbaycana qarşı heç bir çərçivəyə sığmayan qətnamə qəbul etmişdi: “Azərbaycan Parlamenti 2016-cı ildə bu qurumla bütün əlaqələri kəsmişdi. Ancaq Azərbaycan sonradan konstruktiv və humanist addım atıb, əlaqələri bərpa etdi. Onlar xahiş etmək yox, yalvarırdılar. Onlar hətta rəsmi sənəd təqdim etmişdilər ki, bir daha belə şeylər etməyəcəklər. Buna görə də Azərbaycan Parlamenti öz qərarını dəyişdi və əməkdaşlığa yenidən başladı. Ondan sonra isə Azərbaycan əleyhinə 13 qətnamə qəbul edildi. Hər bir uğur Avropa Parlamentində Azərbaycan əleyhinə bir qətnamə ilə müşahidə edilib”.

***11:31

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul etmək üçün Komissiya yaradılıb.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Komissiyanın sədri Ziyafət Əsgərov, üzvləri Fazil Mustafa, Mubariz Qurbanlı, Tahir Mirkişili, Tural Gəncəliyev, Jalə Əliyeva, Səbinə Xasayeva olub.

***11:02

Parlamentin plenar iclasının gündəliyi dəyişib.

"Unikal" xəbər verir ki, iclasda müzakirə olunacaq məsələlərin sayı 8-dən 9-a çatdırılıb.

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti haqqında məsələ müzakirə edilir.

Anar Kəlbiyev