Son günlər ictimaiyyət arasında, xüsusilə media ictimaiyyəti arasında İctimai Televiziyanın hazırkı baş direktoru Balakişi Qasımovun vəzifəsindən gedəcəyi və yenidən namizəd olmayacağı barədə məlumatlar yayılıb. Bununla bağlı indiyə qədər hər hansı bir açıqlamanın verilməməsi suallar doğururdu.

"Unikal" xəbər verir ki, Balakişi Qasımov Manset.az-a açıqlamasında yenidən namizəd olub-olmayacağı ilə bağlı məsələlərə aydınlıq gətirib:

“İnşallah, bu həftə bu barədə qərar verəcəyəm. Böyük ehtimalla yenidən namizəd olacağam.”

Jurnalistin “Sizin AzTV-yə sədr təyin olunacağınızla bağlı məlumatlar yayılıb. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq o qeyd edib:

“Mən şayiələri şərh etmək istəmirəm, indiyədək də etməmişəm. Bu, şayiədir, qeyri-ciddi məlumatdır".

"Bəs namizəd olub seçildikdən sonra hansı yeniliklər gözlənilir?" sualına isə Qasımov belə cavab verib:

"Seçildikdən sonra da yeniliklər olacaq”.

Qeyd edək ki, Balakişi Qasımovun yenidən namizəd olmayacağı, AzTV-yə sədr təyin olunacağı, AzTV sədri Rövşən Məmmədovun daha yüksək posta təyin ediləcəyi, “Space” televiziyasının sabiq rəhbəri Vado Korovinin isə İctimai Televiziyaya baş direktor gətiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.