22–25 aprel 2026-cı il tarixlərində Almaniyanın Bremen şəhərində keçirilən, dünya caz sənayesinin mühüm tədbirlərindən biri sayılan «Jazzahead!» beynəlxalq sərgi-festivalında Azərbaycan uğurla iştirak edib.
"Unikal" xəbər verir ki, Azərbaycanın tədbirdə iştirakı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Baku Jazz Festivalının birgə təşkilatçılığı ilə reallaşıb.
Bu il 20-ci yubileyini qeyd edən “Jazzahead!”sərgi-festivalı dünyanın 60-dan çox ölkəsindən 3000-dən artıq peşəkar iştirakçını — musiqiçiləri, agentləri, media nümayəndələrini və caz sənayesi üzrə müxtəlif institutları bir araya gətirib. Festival çərçivəsində Bremen şəhərinin 45 müxtəlif məkanında 160-dan çox konsert və digər tədbirlər təşkil olunub və şəhərdə əsl caz abu-havası hiss olunub.
«Jazzahead!» beynəlxalq sərgi-festivalında Azərbaycan stendi qurulub, ölkəmizdən olan caz musiqiçilərinin yaradıcılığı beynəlxalq auditoriyaya təqdim edilib. Eyni zamanda Bakıda keçirilən beynəlxalq caz festivalının tanıdılması istiqamətində görüşlər keçirilib, xarici caz ifaçıları, həmçinin caz sənaye nümayəndələri ilə əlaqələr qurulub və qarşılıqlı olaraq caz festivallarına dəvət olunub.
Tədbirin son günündə təşkil olunan konsert proqramında Azərbaycanın əməkdar artisti, tanınmış caz ustası Rain Sultanov və digər musiqiçilərin çıxışları böyük maraqla qarşılanıb və beynəlxalq dinləyicilər tərəfindən yüksək qiymətləndirilib.
“Jazzahead!” kimi qlobal platformada iştirak Azərbaycan cazının beynəlxalq səviyyədə tanıdılması, bu sahədə yeni əməkdaşlıqların qurulması və milli caz məktəbinin qlobal musiqi məkanında mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verib.
