Qeyd edilən körpə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə müraciət ötən ay daxil olub. Müraciətdə körpənin anası müxtəlif səbəblərdən qızına qayğı göstərə bilmədiyini və onun uşaq müəssisələrindən birinə yerləşdirilməsini xahiş edib.
ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, Nazirliyin əməkdaşları ilkin qiymətləndirmə məqsədilə dərhal ananın yaşadığı ünvana səfər ediblər. Qiymətləndirmə zamanı anaya övladına özünün qayğı göstərməsi üçün sosial dəstək tədbirləri ilə əhatə olunması təklif edilsə də o, bundan imtina edib.
Bundan sonra körpə müvafiq tibbi müayinələrə yönləndirilib.
Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün körpələr evinə yerləşdiriləcək.
**** 10:54
Gəncədə anası tərəfindən imtina edilən körpənin vəziyyəti ilə bağlı TƏBİB məlumat yayıb.
TƏBİB-dən "Unikal"a bidirilib ki, 10.02.2026-cı il tarixində saat 12:35 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə hospitalizasiya olunub.
Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu təyin olunub. Hazırda körpənin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, anası tərəfindən imtina edilən körpənin iki aylıq olduğu bildirilir. Körpə qız uşağıdır. Məlumata görə, körpənin anası uşağını körpələr evinə verilməsini istəyib. Hazırda adiyyatı qrumlar tərəfindən araşdırmalar aparılır.
Tural Əhmədov
